Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasına qatılıb.
Modern.az xəbər verir ki, məhdud iştiraklı iclasa qatılanlar arasında Rusiyanın Baş naziri Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev və Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Bakıtjan Saqintayev də var.
Tədbirdən əvvəl Mişustin Paşinyanla Rusiya hökumət binasında görüşüb və onunla birlikdə şəkil çəkdirib.
Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin əvvəllər verdiyi məlumata görə, tədbir zamanı Birliyə üzv dövlətlərin hökumət başçıları Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Xüsusi diqqət Avrasiya İqtisadi Birliyi daxili bazarının fəaliyyətinə, enerji, sənaye və kənd təsərrüfatı sektorlarında əməkdaşlığın inkişafına yönəldiləcək.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, onun təyyarəsi hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə Moskvaya enə bilməyib və Sankt-Peterburq hava limanına yönləndirilib.
Yeri gəlmişkən, Nikol Paşinyan 11 dekabrda Moskvadakı Ermənistan səfirliyinin qarşısında təşkil edilən mitinqlə qarşılaşıb. Etirazçılar həbs olunmuş ruhanilərin fotoşəkilləri olan plakatlar tutublar. Onlar Rusiyada yaşayan erməniləri birləşməyə və bütün ermənilərin kilsəsi və katolikosunun yanında olmağa çağırıblar.
Xatırladaq ki, ermənilər Paşinyanın işgüzar səfərdə olduğu Berlində də etiraz aksiyası təşkil ediblər.