Modern.az

Suriyada amerikalıları öldürən şəxs KİMDİR...

Suriyada amerikalıları öldürən şəxs KİMDİR...

Dünya

14 Dekabr 2025, 23:27

Suriyanın Palmira şəhərində ABŞ hərbçilərinə qarşı törədilən silahlı hücumu həyata keçirən şəxsin Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşı olduğu təsdiqlənib.

Hadisə nəticəsində ABŞ Milli Qvardiyasının iki əsgərinə tərcüməçi kimi xidmət edən Amerika vətəndaşı həlak olub.

Modern.az xəbər verir ki, hücumu törədən şəxs Suriya prezidenti Əhməd əş-Şaraanın yaxın çevrəsində yer alan təhlükəsizlik əməkdaşlarından biri olub.

Sosial şəbəkələrdə yayılan fotolarda onun dövlət başçısı ilə bir sıra rəsmi tədbirlərdə yanaşı görüntüləndiyi bildirilir. O, Palmira şəhərinə Suriyanın Daxili İşlər Nazirliyi tərəfindən “ictimai asayişin təmin olunması” məqsədilə göndərilibmiş.

İstintaqın məlumatına əsasən, hücumçu ABŞ ordusunun yüksək rütbəli komandirlərinin iştirakı ilə keçirilən toplantı zamanı terror aktı planlaşdırıb. Lakin görüşün keçirildiyi binaya daxil olmaq cəhdi ABŞ hərbçiləri tərəfindən qarşısı alındıqdan sonra o, atəş açıb.

Suriyanın Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba bildirib ki, hadisədən əvvəl hücumçunun radikal ideoloji baxışlara malik olduğu müəyyən edilib. Onun sözlərinə görə, bürokratik gecikmələr və hadisənin baş verdiyi günün istirahət gününə təsadüf etməsi səbəbindən məsələ vaxtında araşdırılmayıb. Nazirlik rəsmisi vurğulayıb ki, artıq dekabrın 10-dan həmin şəxsin takfirçi ideologiyaya bağlı olduğu məlum idi və bazar günü barəsində tədbir görülməsi planlaşdırılırdı, lakin o, cinayəti bir gün əvvəl törədib.

Bildirilir ki, hücumu həyata keçirən şəxs 2014-cü ildə İŞİD terror təşkilatına qoşulub və Raqqa və Homs əyalətlərində Bəşər Əsəd rejiminə və digər silahlı qruplaşmalara qarşı döyüşlərdə iştirak edib. Əsəd rejiminin devrilməsindən sonra isə bir qrup İŞİD üzvü ilə birlikdə Dəməşqə gələrək yeni Suriya hökuməti tərəfindən formalaşdırılan təhlükəsizlik qüvvələrinin tərkibinə daxil olub.

Suriyanın Daxili İşlər Nazirliyi rəsmi şəkildə təsdiqləyib ki, ABŞ hərbçilərinə hücum edən şəxs Suriya təhlükəsizlik strukturlarının əməkdaşı olub. Bununla belə, nə Pentaqon, nə də Ağ Ev hücumçunun Suriya hökumətində çalışdığı barədə açıqlama verib və baş verənlərə görə Dəməşqi birbaşa məsul tutan bəyanat səsləndirilməyib.

Hadisədən sonra ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı sərt cavab veriləcəyini bəyan edib. ABŞ Hərbi Hava Qüvvələri artıq Palmira və Əl-Baba ətrafında İŞİD-in nəzarətində olan kəndlərə hava zərbələri endirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?