Modern.az

Trampın hədəsi nəticə vermədi - döyüşlər davam edir

Trampın hədəsi nəticə vermədi - döyüşlər davam edir

Dünya

15 Dekabr 2025, 19:51

Kambocanın Müdafiə Nazirliyi Tailand silahlı qüvvələrinin Kambocanın suveren ərazisinə zərbələrinin çoxaldığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, nazirlik Tailand hərbçilərinin F-16 qırıcı təyyarələrini də tətbiq etməklə dekabrın 15-də Kambocanın şimal-qərbinə, o cümlədən Siem Rip əyalətinə hava hücumları etdiyini, məcburi köçkünlərin məskunlaşdığı düşərgənin yaxınlığına 2 bomba atdığını bildirib.

 

Son məlumata görə, Tailandın hücumları nəticəsində 12 mülki şəxs ölüb, 74 nəfər yaralanıb. Bundan başqa, sərhəddəki toqquşmalara görə evlərini tərk etmək məcburiyyətində qalan kambocalıların sayı 403 min nəfərə çatıb. Onlardan təxminən 208 mini qadın, 96 mini uşaqlardır.

 

Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Tailand tərəfi Kambocanı toqquşmalara və atəşkəs barədə razılığı pozmaqda ittiham edir. Tailand ordusundan bildirilib ki, Kamboca sərhədə ağır silahları səfərbər edib, döyüş bölmələrini yenidən dislokasiya edib və hərbi səyləri gücləndirə biləcək dəstək elementləri hazırlayıb. Döyüşlər nəticəsində Tailand hərbçiləri arasında ölənlərin sayı 9 nəfərə çatıb, 120 nəfər isə yaralanıb. Toqquşmalar səbəbindən təxminən 400 min tailandlı evlərini tərk etmək məcburiyyətində qalıb, 3 mülki şəxs isə ölüb.

 

Ölkələr arasında iyuldakı beşgünlük toqquşmalar Malayziyanın Baş naziri Ənvər İbrahim və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə dayandırılıb. ABŞ Prezidenti oktyabr ayında Kuala-Lumpurda iki ölkə arasında genişləndirilmiş sülh sazişinin imzalanması mərasimində də iştirak edib. Dekabrın 12-də “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə Prezident Donald Tramp Tailand və Kamboca arasında düşmənçiliyin dayandırılmaması təqdirdə, bu ölkələrin hakimiyyətini onların məhsullarına yeni tariflər tətbiq etməklə hədələyib. Tramp həmin gün Tailand və Kambocanın baş nazirləri ilə danışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır