Yunanıstan, İsrail və Kipr Şərqi Aralıq dənizi bölgəsində birgə sürətli reaksiya briqadasının yaradılması imkanını nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə Kipr mediası məlumat yayıb. Məsələ üçtərəfli hərbi və siyasi məsləhətləşmələrin intensivləşdiyi bir dövrdə gündəmə gəlib. Bildirilir ki, son vaxtlar yüksək səviyyəli görüşlər keçirilib və yeni təmaslar da planlaşdırılır.
Mediaya sızan məlumatlara görə, yaradılması müzakirə olunan hərbi birləşmənin şəxsi heyətinin sayı 2,5 min nəfərə qədər ola bilər. Onlardan təxminən 1 mini Yunanıstan və İsrailin payına düşür, 500-ə yaxın hərbçi isə Kiprdən nəzərdə tutulur. Briqadanın daimi baza şəklində deyil, çevik və sürətli yerləşdirmə mexanizmi əsasında fəaliyyət göstərməsi planlaşdırılır.
Yunanıstan mətbuatı rəsmi mənbələrə istinadən yazır ki, bu təşəbbüs Şərqi Aralıq dənizində mümkün böhran vəziyyətlərində quruda, dənizdə və havada operativ fəaliyyət göstərə bilən çevik əməkdaşlıq modelini nəzərdə tutur. Plan çərçivəsində döyüş aviasiyası, freqatlar və sualtı qayıqlar da daxil olmaqla hava və dəniz dəstəyi imkanları müzakirə olunur.
Potensial yerləşmə əraziləri kimi Yunanıstanın Rodos və Karpatos adaları, Kipr ərazisi, eləcə də İsraildəki hərbi bazalar göstərilir. Eyni zamanda, mümkün birləşmənin əsas vəzifələrindən biri enerji xətləri və sualtı kabellər daxil olmaqla kritik dəniz infrastrukturunun qorunması, eləcə də regionda gərginliyin artması risklərinə operativ reaksiya verməkdir.
Məlumata görə, birgə briqadanın yaradılması ilə bağlı hələlik yekun qərar qəbul edilməyib. Müzakirələr ilkin mərhələdədir və üç ölkə arasında dərinləşən dialoq çərçivəsində aparılır. Ekspertlər üç ölkənin Türkiyəyə qarşı strateji ittifaq qurduğunu bildirir.