“Xarkov bölgəsindəki Kupyansk şəhəri Rusiya silahlı qüvvələrinin nəzarəti altında idi və hazırda da qalır”.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"15 dekabrda Ukraynanın xarici işlər naziri Andrey Sibiha Brüsseldə xarici işlər nazirləri səviyyəsində keçirilən Avropa İttifaqı Şurasının iclasında Kupyanskda guya uğurlu hərbi əməliyyat aparıldığını elan etməyə tələsdi və təbii ki, Rusiyanın dediklərinin hamısının yalan olduğunu dedi", - deyə diplomat qeyd edib.
"Xeyr, Rusiyanın dedikləri yalan deyil, çünki biz faktlar təqdim edirik və faktlar inadkar şeylərdir. Kiyev sadəcə olaraq etiraf edə bilməz ki, yerdəki vəziyyət saniyələr içində pisləşir.
Azad edilmiş Kupyansk Rusiya silahlı qüvvələrinin nəzarəti altında idi və qalır", - Zaxarova vurğulayıb.
Diplomatın sözlərinə görə, son günlərdə Ukrayna lideri Volodimir Zelenski Kupyansk bölgəsindəki döyüşə daha çox ehtiyat ayırıb:
"Kiyevin əvvəlcə hansısa irəliləyiş əldə etmək üçün uğursuz cəhdləri dəf edildi və düşmən texnika və canlı qüvvə baxımından çoxlu itki verdi. Bütün bunlar nə üçün idi? Sadəcə Kiyev rejimi liderinin bu cinayətkar lovğalığı naminə. Hamısı Zelenski üçün". Zaxarova deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Xarkov vilayətindəki Kupyansk şəhərinə səfər edib. Rusiya qoşunları ilə döyüşlərin davam etdiyi şəhərə gedən Zelenski orada döyüşçülərə təşəkkür edib, tezliklə bütün şəhərin rus hərbiçlərindən azad ediləcəyini bildirib. Zelenski şəhərin girişindən video da paylaşıb.