Modern.az

Azərbaycan benzini Ermənistanda satışa çıxarılır – YENİ DETALLAR

Azərbaycan benzini Ermənistanda satışa çıxarılır – YENİ DETALLAR

Dünya

21 Dekabr 2025, 22:30

Uzun illərdən sonra Azərbaycanla Ermənistan arasında neft məhsulları sahəsində ilk kommersiya əməliyyatı həyata keçirilib.

Gürcüstan ərazisi vasitəsilə Ermənistana Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunmuş 1220 ton Aİ-95 markalı benzin ixrac edilib. Yük həcmi 22 dəmir yolu sisterninə bərabərdir.

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, neftin alıcısı Ermənistanın "Mega Trade" şirkətidir. 

Ermənistan mediasının məlumatına görə, Azərbaycandan gətirilən benzin ölkə daxilində Ran Oil yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.

"Mega Trade" bildirir ki, Azərbaycan yanacağının idxalı Ermənistan bazarında benzinin qiymətinin aşağı düşməsinə imkan verə bilər. Şirkətin açıqlamasında vurğulanır ki, bu addım alternativ tədarük marşrutunun işə salınmasına, bazarın şaxələndirilməsinə və rəqabət mühitinin güclənməsinə xidmət edir.

Qeyd edək ki, 2024-cü ildə Ermənistan təxminən 520 min ton benzin və dizel yanacağı idxal edib, əsas tədarükçü isə Rusiya olub. Mütəxəssislərin fikrincə, nəqliyyat xərclərinin daha aşağı olması və keyfiyyət amili Azərbaycan benzininin Ermənistan bazarında rəqabət qabiliyyətini artıra bilər. Ermənistanlı analitiklər eyni zamanda bu addımı ölkənin Rusiyadan enerji asılılığını azaltmaq baxımından mühüm fürsət kimi qiymətləndirirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır