Avropada Fransa Prezidenti Emmanuel Makronun Almaniya kansleri Friedrix Merzi dəstəkləməməsi fonunda ciddi narazılıqlar yaranıb.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri Avropanın yüksəkvəzifəli diplomatına istinadən yazıb.
Məlumata görə, Makron Avropa İttifaqı sammitində dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yardım üçün istifadə olunması məsələsində Merzin müttəfiqi kimi çıxış etməyərək ona “xəyanətə edib”.
Mənbənin sözlərinə görə, Makron bu addımının siyasi nəticələri olacağını anlayır: “Makron Merzi satdı və bunun əvəzini ödəməli olacağını özü də bilir”, – deyə diplomat bildirib.
Qeyd olunur ki, dekabrın 19-na keçən gecə 16 saatdan çox davam edən müzakirələrdən sonra Aİ liderləri Ukraynaya 2026–2027-ci illər üçün ümumi büdcədən 90 milyard avro həcmində maliyyə dəstəyi ayrılması barədə razılığa gəliblər. Lakin sammit iştirakçıları bu vəsaitin dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsi ideyasından imtina ediblər.
Nəşr yazır ki, İtaliyanın baş naziri Giorgia Meloni bu ideyanın “öldürücüsü” kimi qiymətləndirilir. Məlumata görə, İtaliya və Fransanın ehtiyatlı mövqeyi, xüsusilə Belçikanın risklərin bölüşdürülməsi üçün tələb etdiyi maliyyə zəmanətləri ilə bağlı narahatlıqları sammitin yekun qərarına ciddi təsir göstərib.
Bildirilir ki, Makron əvvəlcə açıq şəkildə Merzin təklifinə qarşı çıxmasa da, daha sonra onun komandası sövdələşmənin hüquqi tərəfləri ilə bağlı şübhələrini dilə gətirib. Nəticədə Fransa prezidenti sammitdə bu ideyaya qarşı çıxan ölkələrin mövqeyinə qoşulub. Diplomatın fikrincə, Makronun zəif daxili mövqeyi onu Meloninin xəttini dəstəkləməyə məcbur edib.