ABŞ prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı 10 milyard dollarlıq məhkəmə iddiası hüquqi əsaslardan daha çox siyasi və informasiya təzyiqi kimi qiymətləndirilir.
Modern.az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Ceyn Martinson “The Guardian” qəzetində dərc olunan məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, iddia BBC-nin yayımladığı 12 saniyəlik “Panorama” süjetinə əsaslansa da, həmin material nə Floridada yayımlanıb, nə də ABŞ ərazisində rəsmi yayım hüququna malikdir. Buna baxmayaraq, Tramp iddianı məhz Floridada qaldırıb ki, bu da işin yurisdiksiyasını ciddi sual altına alır.
Müəllifin fikrincə, Trampın əsas məqsədi məhkəmədə qalib gəlmək deyil, prosesin özü ilə BBC-yə və bütövlükdə Böyük Britaniyanın ictimai yayım sisteminə reputasiya və maliyyə zərbəsi vurmaqdır. Bildirilir ki, belə bir işin müdafiəsi BBC-yə 50–100 milyon dollar arası xərcə başa gələ bilər.
Yazıda xatırladılır ki, Tramp BBC-ni “reputasiya zərəri vurmaqda” ittiham etsə də, sözügedən proqramdan cəmi bir həftə sonra ABŞ prezident seçkilərində qalib gəlib və Floridada səs payını artırıb. Bundan əlavə, BBC-nin materialında yer alan ifadələrin Tramp tərəfindən faktiki olaraq səsləndirildiyi də mübahisə doğurmur.
Martinson vurğulayır ki, bu cür iddialar xüsusilə BBC-nin nizamnaməsinin yenidən nəzərdən keçirildiyi və qurumun onsuz da təzyiq altında olduğu bir dövrdə irəli sürülür. Bu isə işi təkcə media qurumu üçün deyil, Böyük Britaniya üçün də potensial böhran səviyyəsinə yüksəldir.
Məqalənin nəticəsində qeyd olunur ki, Trampın “absurd dünyasında” məntiq əsas deyil. Əsas olan gündəm yaratmaq, diqqəti yayındırmaq və zərər verməkdir. Bu baxımdan, müəllifə görə, ABŞ prezidenti artıq istədiyini əldə edib.