Modern.az

Generallar Putini aldadıb?

Generallar Putini aldadıb?

Dünya

23 Dekabr 2025, 00:21

Rusiya Prezidenti Vladimir Putinin müharibənin gedişi ilə bağlı reallığı tam əks etdirməyən məlumatlar aldığı və bunun Kreml rəhbərliyinin qərarlarına birbaşa təsir göstərdiyi iddia olunur.

Modern.az xəbər verir ki, nüfuzlu "Financial Times" qəzetinin yazdığına görə, Rusiya hərbi rəhbərliyinin Putinə təqdim etdiyi hesabatlar onu Rusiyanın Ukraynada müharibəni yaxın zamanda qazana biləcəyinə inandırıb və bu da müharibəni dayandırmaq istəməməsinin əsas səbəblərindən biridir.

Nəşrin məlumatına əsasən, təxminən bir aydır ki, Putin və Rusiya hərbi rəhbərliyi həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə Rusiya ordusunun Xarkov vilayətinin Kupyansk şəhərini ələ keçirdiyini və nəzarətdə saxladığını bildirir.

Lakin FT-nin iki rəsmi mənbəyə istinadla yazdığına görə, bu məlumatlar reallığı tam əks etdirmir və hərbi strukturlar prezidentə məqsədli şəkildə şişirdilmiş hesabatlar təqdim edir. Həmin hesabatlarda Ukrayna Silahlı Qüvvələrinin itkilərinin olduğundan artıq göstərildiyi, Rusiyanın resurs üstünlüyünün qabardıldığı və taktiki uğursuzluqların isə gizlədildiyi vurğulanır.

Məqalədə qeyd olunur ki, Putin ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunan və Moskva üçün nisbətən sərfəli hesab edilən şərtlərlə razılaşmamaqda israrlıdır.

Qəzetin məlumatına görə, bu mövqenin formalaşmasında Putinə təqdim olunan yanlış və həddindən artıq optimist hərbi məlumatlar mühüm rol oynayır. Hərçənd Rusiya lideri bəzi yaxın çevrələrindən müharibənin ölkə iqtisadiyyatı üçün getdikcə daha ağır yükə çevrildiyi barədə xəbərdarlıqlar alsa da, generalların hazırladığı “uğurlu müharibə mənzərəsi” onun münaqişəni davam etdirməyə inamını gücləndirir.

Xatırladılır ki, dekabrın 9-da “Qərb” qoşun qruplaşmasının komandanı, general-polkovnik Sergey Kuzovlev Kupyanskın “azad edilməsi” barədə məlumat verdikdən sonra Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. Bundan cəmi üç gün sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski Kupyanska səfər edərək şəhərin kənarında video çəkib. Eyni zamanda, Ukraynaya yaxın "DeepState" layihəsi şəhərin böyük hissəsinin Ukrayna qüvvələrinin nəzarətində olduğunu açıqlayıb. Buna baxmayaraq, Moskva rəsmi mövqeyində Kupyanskın tam ələ keçirildiyini iddia etməyə davam edir.

Gərbi ekspert, Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Dara Massikot isə bildirib ki, Putin hazırkı mərhələdə Rusiyanın Donetsk vilayətinin qalan hissəsini də ələ keçirəcəyinə səmimi şəkildə inanır. Ekspertin fikrincə, məhz bu inam Kremlin müharibəni uzatmaq qərarının arxasında duran əsas psixoloji və siyasi faktorlardan biridir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır