Türkiyə hakimiyyət çevrələrinə yaxınlığı ilə tanınan tanınmış jurnalist, "Hürriyet" qəzetinin köşə yazarı Abdulkadir Selvi “Ərdoğandan sonrakı dövr” ətrafında aparılan müzakirələrlə bağlı diqqətçəkən yazı ilə çıxış edib.
Modern.az-ın məlumatına görə, Selvi bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) daxilində “Ərdoğan sonrası” mövzusu üzərindən süni qarşıdurma və fitnə yaradılmağa çalışılır və bu prosesin məqsədi partiyanın əsas fiqurlarını bir-birinə qarşı qoymaqdır.
Yazıda vurğulanır ki, bu ssenari Türkiyə siyasi tarixində daha əvvəl də tətbiq olunub. Selvinin fikrincə, Özal sonrası ANAP-da və Demirel sonrası DYP-də oxşar proseslər yaşanıb və həmin partiyalar bu daxili parçalanmadan zərər görüb.
O qeyd edir ki, indi eyni plan “Ərdoğan sonrası” adı altında AK Partiya üçün işə salına bilər. Jurnalist bu kontekstdə açıq şəkildə bildirir ki, onun mövqeyinə görə “Ərdoğan sonrası yenə Ərdoğandır”.
Selvi yazısında Rəcəb Tayyib Ərdoğanın liderliyini xüsusi vurğulayaraq qeyd edir ki, AK Partiya 23 ildir hakimiyyətdədir və bu müddətdə partiyanın daxilindən iki prezident, dörd baş nazir çıxıb. Onun fikrincə, belə bir siyasi tarixə malik olan partiyanın, hələ də ölkəni idarə edən güclü lider mövcud olduğu halda, alternativ lider axtarışına girməsi məntiqsizdir.
Məqalədə Türkiyənin həm regional, həm də qlobal baxımdan çətin və həssas bir dövrdən keçdiyi vurğulanır. Selvi yazır ki, dünyada üçüncü dünya müharibəsinin belə müzakirə edildiyi bir mərhələdə Türkiyənin təcrübəli siyasi və dövlət xadiminə sahib olması ciddi üstünlükdür. O, bu kontekstdə müxalifət liderlərini də sərt şəkildə tənqid edir və ölkənin taleyinin kimlərə etibar ediləcəyi sualını gündəmə gətirir.
Yazının ən diqqətçəkən hissələrindən biri isə Selvinin “Ərdoğan sonrası” müzakirələrində hədəfə çevrilə biləcəyini iddia etdiyi dörd adla bağlıdır. Jurnalist hakim partiya daxilində 4 adın daha çox önə çıxdığını bildirib:
- Xarici işlər naziri Hakan Fidan
- Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın
- Ərdoğanın oğlu Bilal Erdoğan
- "Baykar" şirkətinin rəhbəri, Ərdoğanın kürəkəni Selçuk Bayraktar
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan ilk dəfə 2014-cü ildə prezident seçilib, 2018-ci və 2023-cü ildə yenidən dövlət başçısı vəzifəsini qoruyub.
Hazırkı səlahiyyət müddəti 2028-ci ilin may ayında başa çatır. Türkiyə Konstitusiyasına əsasən prezident iki dəfə seçilə bilər, lakin 2023-cü il seçkiləri parlamentin növbədənkənar seçki qərarı fonunda keçirildiyi üçün Ərdoğanın namizədliyi mümkün olmuşdu. Onun 2028-ci ildən sonra yenidən namizəd olub-olmayacağı isə hazırda hüquqi və siyasi baxımdan açıq sual olaraq qalır.