Modern.az

Qazaxıstan hesabat açıqladı - Azərbaycan təyyarəsi vurulub!

Qazaxıstan hesabat açıqladı - Azərbaycan təyyarəsi vurulub!

Dünya

25 Dekabr 2025, 18:27

Qazaxıstan 2024-cü ildə Aktaunun yaxınlığında qəzaya uğramış Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə bağlı araşdırmanın aralıq hesabatını açıqlayıb.

Modern.az-ın məlumatına görə, Qazaxıstanın Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, qəza ilə bağlı istintaq komissiyası hava gəmisinin bort registratorlarını çıxarıb və məlumatların deşifrə edilməsi başa çatdırılıb.

Nazirlik vurğulayıb ki, istintaqın yekun nəticələri faktlara əsaslanacaq və obyektiv şəkildə təqdim ediləcək.

Aralıq hesabatda qeyd olunur ki, qəzaya uğrayan təyyarənin gövdəsində döyüş sursatına xas zədələyici elementlərə bənzər izlər aşkar edilib. Lakin həmin elementlərin konkret mənşəyi və kimə məxsus olduğu hələlik müəyyən olunmayıb. Eyni zamanda, istintaq zamanı təyyarənin göyərtəsində partlayıcı maddələrin izlərinə rast gəlinmədiyi bildirilib.

Qazaxıstan tərəfi istintaqın davam etdiyini və qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün bütün texniki və ekspert imkanlarından istifadə olunduğunu bəyan edib. Rəsmi açıqlamada prosesin beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun aparıldığı xüsusi vurğulanıb.

Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.

Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib. Məsələ bir neçə ay əvvəl Düşənbədə İlham Əliyevlə Putin arasında keçirilən görüşdə də müzakirə olunub.

Vladimir Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır