Rusiya hərbçiləri dekabrın 27-də Ukraynanın qaz və enerji infrastrukturuna növbəti zərbələr endirib.
Modern.az xəbər verir ki, hücumlar zamanı “Şahed” tipli pilotsuz uçuş aparatlarından istifadə edildiyi, Naftoqaz şirkətinə məxsus qaz hasilatı obyektləri və istilik-elektrik mərkəzinin (İEM) hədəfə alındığı bildirilir.
Şirkətdən verilən açıqlamada İEM-lərə və qaz hasilatı ilə məşğul olan müəssisələrə birbaşa düşən zərbələrin olduğu təsdiqlənib.
Rusiya tərəfi şaxtalı hava şəraitindən və enerji sisteminə düşən maksimal yüklənmədən istifadə edərək sistemi destabilizasiya etməyə çalışır.
Qeyd olunur ki, fövqəladə briqadalar, texniki xidmətlər və aidiyyəti qurumlar gücləndirilmiş rejimdə işləyərək zərbələrin nəticələrinin aradan qaldırılması və obyektlərin bərpası ilə məşğuldur.
Ukraynanın energetika naziri vəzifəsini icra edən Artem Nekrasov isə açıqlamasında Kiyev və Kiyev vilayətində elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması obyektlərinin hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, dron və raketlərlə zərbələr gecə, səhər və gün ərzində davam edib. Nəticədə yarımstansiyalar, yüksək gərginlikli hava xətləri və bir sıra generasiya obyektləri ciddi zədələnib.
Energetika Nazirliyindən bildirilib ki, yaranmış vəziyyət səbəbindən Kiyev və Kiyev vilayətində məcburi qəza söndürmələri tətbiq olunub.