Suriyanın Homs şəhərində məsciddə baş verən partlayışın məsuliyyətini Sarayə Ansar əs-Sünnə adlı silahlı qruplaşma üzərinə götürüb. Partlayış nəticəsində azı 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, qruplaşma ideoloji və əməliyyat baxımından İŞİD ilə əlaqəlidir.
“Sarayə Ansar əs-Sünnə” radikal silahlı birlik kimi tanınır və Suriyada fəaliyyət göstərir. Qruplaşma 1 fevral 2025-ci ildə Əbu Ayiş əş-Şami tərəfindən yaradılıb. O, daha əvvəl Heyət Təhrir əş-Şam (HTŞ) sıralarında olub, lakin daha sonra təşkilatı tərk edib. Qrupun say tərkibinin bir neçə yüz döyüşçüdən ibarət olduğu, əsasən Homs və Hama vilayətlərində, eləcə də Dəməşq ətrafında xırda hücrələr şəklində fəaliyyət göstərdiyi bildirilir.
Məlumatda xatırladılır ki, Suriya prezidenti Əhməd əş-Şaraa əvvəllər Əbu Məhəmməd əl-Culanı adı ilə tanınıb və uzun müddət HTŞ-nin lideri olub. Sözügedən qruplaşma vaxtilə Suriyada Əl-Qaidə şəbəkəsinin yerli qolu əsasında formalaşmış, sonradan beynəlxalq terror şəbəkəsi ilə əlaqələrini kəsdiyini bəyan etmişdi.