Modern.az

Putinə daha bir şəhərin ələ keçirildiyi məruzə edildi

Putinə daha bir şəhərin ələ keçirildiyi məruzə edildi

Dünya

27 Dekabr 2025, 22:59

Rusiya prezidenti Vladimir Putin dekabrın 27-də səhər saatlarında Birləşmiş Qoşun Qruplaşmasının idarəetmə məntəqələrindən birinə baş çəkib.

Modern.az xəbər verir ki, Kremlin məlumatına görə, Putinə cəbhədəki vəziyyətlə bağlı məruzələr təqdim olunub və həmin məruzələrdə Zaporojye vilayətində yerləşən Qulyaypole şəhərinin, eləcə də Donetsk vilayətindəki Dimitrov şəhərinin Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi bildirilib.

Ukrayna ordusunun nümayəndəsi Vladislav Voloşin isə bəyan edib ki, əgər Qulyaypolenin Rusiya tərəfindən ələ keçirilməsi faktı təsdiqlənərsə, hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi açacaq.

Ukrayna KİV-lərinin yazdığına görə, artıq araşdırma başlanıb və istintaq 106-cı Ərazi Müdafiə Briqadasının bir batalyonunun müşahidə məntəqəsini tərk etməsi faktını əhatə edir. Məlumata əsasən, hərbçilər mövqeni şəxsi əşyalarını geridə qoyaraq tərk ediblər.

Dekabrın 25-də sosial şəbəkələrdə yayılan videoda Rusiya hərbçiləri 106-cı ayrıca ərazi müdafiə briqadasının 1-ci batalyonuna məxsus komanda-müşahidə məntəqəsini ələ keçirdiklərini iddia edirlər. Kadrlarda tərk edilmiş noutbuklar, mobil telefon və hərbi xəritələr nümayiş etdirilir.

Bundan əvvəl ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu Qulyaypole istiqamətində vəziyyətin son dərəcə ağır olduğunu qeyd edib. İnstitutun qiymətləndirməsinə görə, Rusiya qüvvələri bu istiqamətdə intensiv hücum əməliyyatlarını davam etdirir və şəhəri şimal-şərqdən təcrid etməyə çalışaraq şərqdən hücumlarını gücləndirir.

Xatırladaq ki, Vladimir Putin dekabrın 19-da keçirilən “birbaşa xətt” zamanı “Şərq” qruplaşmasının Zaporojye vilayətində sürətlə irəlilədiyini, Qulyaypoledə döyüşlərin getdiyini bildirmişdi. O, eyni zamanda Xarkov vilayətində Kupyanskın ələ keçirildiyini də iddia etmişdi, lakin bu məlumat sonradan Ukrayna tərəfi tərəfindən təkzib olunmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi