Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və 1 saat 15 dəqiqə davam edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, liderlər Ukrayna məsələsini müzakirə edib, ABŞ Prezidentinin ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlarından sonra yenidən telefon danışığı aparmaq barədə razılığa gəliblər. Söhbət zamanı Rusiya prezidenti Ankoricdə, eləcə də əvvəlki ikitərəfli təmaslar çərçivəsində əldə olunmuş anlaşmaların gələcəkdə də əsas götürülməsinin prinsipial əhəmiyyətini vurğulayıb.
Y.Uşakovun sözlərinə görə, Vladimir Putin Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasının xüsusi yaradılacaq təhlükəsizlik və iqtisadiyyat məsələləri üzrə iki işçi qrup çərçivəsində davam etdirilməsi təklifini dəstəkləyib. Eyni zamanda, döyüş əməliyyatlarının tam dayandırılması üçün Rusiyanın Kiyevdən Donbasla bağlı siyasi qərar gözlədiyi vurğulanıb.