Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda qoşunların qarşılıqlı şəkildə çıxarılmasını nəzərdə tutan azad iqtisadi zona məsələsi ilə bağlı referendum keçirməyə hazırdır.
Modern.az xəbər verir ki, Zelenski bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.
O, azad iqtisadi zonanın yaradılmasının kompromis olacağını deyir.
"Bir neçə kilometr geri çəkilməli olacağıq. Bu o deməkdir ki, Rusiya da bir neçə kilometr geri çəkilməlidir. Bu azad iqtisadi zonanın konkret qaydaları olacaq. Referendum bu təklifi qəbul etmək və ya rədd etmək üçün bir yoldur", - deyə o, "Fox News"-a verdiyi müsahibədə bildirib.
Müsahibə Zelenskinin ABŞ prezidenti Donald Trampla danışıqlarından sonra baş tutub. Görüş ötən həftə, 28 dekabrda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində baş tutub. Əsas müzakirə mövzusu əvvəlcə 28 bənddən ibarət olan Amerika planının hazırlanmasından sonra Ukrayna tərəfinin təklif etdiyi 20 bəndlik sülh planı olub.
Zelenskinin sözlərinə görə, Kiyev tərəfindən hazırlanan 20 bəndlik sülh planı 90%, Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri və Ukrayna, ABŞ və Avropa arasında təhlükəsizlik zəmanətləri isə demək olar ki, 100% razılaşdırılıb. Ukrayna lideri ölkəsi və Avropa nümayəndə heyətləri ilə danışıqların yanvar ayında ABŞ-da keçirilə biləcəyini təklif edib.