Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sərt açıqlama verib.
Modern.az xəbər verir ki, Medvedev X sosial şəbəkəsində Zelenskini sülh danışıqlarını pozmağa cəhddə ittiham edib və onun prezident Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına dron hücumuna görə məsuliyyət daşıdığını bildirib.
Medevedev Ukrayna lideri haqda aşağılayıcı və təhqiramiz ifadələr işlədib. Onun sözlərinə görə, bundan sonra Ukrayna prezidentinin ən azı “dəyərsiz ömrünün” sonuna qədər gizlənməkdən başqa yolu qalmayacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da öz növbəsində bildirib ki, Rusiya Putinin iqamətgahına hücum cəhdinə diplomatic cavab verməyəcək.
"Cavablar diplomatik olmayacaq. Buna ümid etməməlidirlər", - deyə o bildirib.
Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, 29 dekabr gecəsi Ukrayna 91 drondan istifadə edərək Putinin iqamətgahına hücum etməyə cəhd edib və onun sözlərinə görə, bu təyyarələr hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. O, bu cür hərəkətlərin cavabsız qalmayacağını vurğulayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Vladimir Putin ABŞ prezidenti Donald Trampı bu hadisədən sonra Rusiyanın Ukrayna ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməsi barədə xəbərdar edib. Uşakovun sözlərinə görə, Tramp "şoka düşüb və qəzəblənib" və "Allaha şükür ki, Zelenskiyə “Tomaqavk” raketləri vermədik" deyib.
Donald Tramp özü jurnalistlərə danışarkən Putinin iqamətgahına edilən hücumu "çox pis" adlandırıb və bildirib ki, indi "bütün bunlar üçün yanlış vaxtdır".
Volodimir Zelenski isə öz növbəsində ittihamları rədd edərək hücumla bağlı məlumatları "daha bir Rusiya yalanı" adlandırıb. O deyib ki, Rusiya Kiyevdəki hökumət binalarına hücum etmək, eləcə də sülh səylərini pozmaq və danışıqlardan imtina etməsini haqlı çıxarmaq üçün yalanlar uydurur.