Modern.az

Avropa liderlərindən Zelenskiyə xəbərdarlıq: Çox irəli getmə!

Avropa liderlərindən Zelenskiyə xəbərdarlıq: Çox irəli getmə!

Dünya

31 Dekabr 2025, 11:28

Bəzi Avropa liderləri ABŞ Prezidenti Donald Trampla görüşü ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə ehtiyatlı olmağı və “həddən artıq irəli getməməyi” tövsiyə ediblər.

Modern.az xəbər verir ki, bu barədə Spiegel nəşri məlumat yayıb.

Nəşr bildirib ki, Zelenskinin ABŞ-a səfərindən bir gün əvvəl Avropa liderləri ilə keçirdiyi şənbə günkü videokonfransın ingilis dilində olan stenoqram mətni onların ixtiyarına keçib.

Spiegel-in məlumatına görə, videokonfransı təşkil edən Almaniya kansleri Fridrix Merts bildirib ki, Zelenskinin ABŞ-la ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və bərpa prosesi üzrə razılığa gəlməsinin yollarını tapması vacibdir. Merts Ukrayna prezidentindən “həddən artıq irəli getməməyi” və eyni zamanda “ehtiyatlı davranmağı” xahiş edib.

Almaniya hökumətinin mətbuat katibi nəşrin sorğusuna cavab olaraq bildirib ki, federal hökumət məxfi danışıqların detalları ilə bağlı şərh vermir. Bununla yanaşı, söhbətin digər iştirakçılarından biri videokonfransın məzmununun düzgün əks etdirildiyini təsdiqləsə də, danışıqların məxfi xarakter daşımasını əsas gətirərək ayrı-ayrı sitatları təsdiqləməkdən imtina edib.

Stenoqram mətninə əsasən, Fransa Prezidenti Emmanuel Makron avropalıları təhlükəsizlik zəmanətləri üzərində işi sürətləndirməyə və bu prosesdə iştiraklarını mümkün qədər tez yekunlaşdırmağa çağırıb.

NATO-nun baş katibi Mark Rutte də stenoqrama görə oxşar mövqe sərgiləyib və bildirib ki, avropalılar prosesi ləngidən tərəf kimi görünməməlidirlər. Bununla belə, bir neçə hökumət başçısı qeyd edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi və ya hətta qoşun göndərilməsi üçün parlamentlərin müzakirəsi və razılığı tələb olunur.

Şənbə günkü videokonfrans zamanı Danimarka, İsveç və Norveçin baş nazirləri – Mette Frederiksen, Ulf Kristersson və Yonas Qar Store – Zelenskidən Trampla görüşdən sonra amerikalıların mümkün təhlükəsizlik zəmanətləri ilə bağlı verdikləri vədlər haqqında ətraflı məlumat verməsini xahiş ediblər.

Müzakirələr zamanı dəfələrlə bunun “kağız üzərində” əksini tapmasının vacibliyi vurğulanıb, həmçinin Ukrayna prezidentinə təhlükəsizlik zəmanətləri ilə bağlı möhkəm öhdəliklər olmadan ərazi məsələlərində rəsmi güzəştlərə getməmək tövsiyə edilib.

Kansler Merts eyni zamanda qeyd edib ki, onlar sülh sazişinin bir hissəsi olmağa hazırdırlar, lakin sənədi imzalamazdan əvvəl onun məzmununu bilməlidirlər.

Stenoqrama əsasən, bir çox dövlət və hökumət başçıları Zelenskiyə Trampla görüş zamanı Rusiyanın mövcud sülh planı versiyasına münasibətini soruşmağı məsləhət görüblər.

İtaliyanın Baş naziri Corcia Meloni, Emmanuel Makron və Fridrix Merts də Zelenskini Trampdan Avropa ölkələri və Ukraynanın amerikalılarla son həftələrdə birlikdə müzakirə etdiyi sülh planına Rusiya “yox” deyərsə, onun hansı addımları atacağını soruşmağa çağırıblar.

Qeyd olunur ki, sözügedən 20 maddəlik plan yeni danışıqlar üçün başlanğıc nöqtəsi olan və Rusiyanın ciddi təsiri altında hazırlanmış 28 maddəlik sənəddən əhəmiyyətli dərəcədə fərqlənir.

Tramp və Zelenski arasında görüş baş tutduqdan sonra belə, avropalı diplomatlar Rusiyanın ərazi məsələləri ilə bağlı hansı mövqeni tutacağının hələ də aydın olmadığını bildiriblər.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ