İrandakı iğtişaşlar Prezident Məsud Pezeşkianla mühafizəkarlar arasında uçurumu dərinləşdirəcək.
Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Pezeşkian iğtişaşlardan bir neçə gün əvvəl ölkədəki vəziyyətin ağır olduğunu və müsbətə doğru dəyişikliyə nail olmadığını etiraf etmişdi:
"İrandakı hazırki iğtişaşların fitilini elə Prezidentin həmin açıqlaması alovlandırıb. Pezeşkian etiraz yürüşləri başladıqdan sonra polisi təmkinli davranmağa, hökumət üzvlərini isə etirazçılarla dialoqa çağırıb. Problem ondadır ki, yürüşləri və etirazları təşkil edən vahid mərkəz yoxdur ki, hökumət üzvləri kimlərlə danışıqlar aparacaqlarını müəyyənləşdirsinlər.
Bir də ki, mühafizəkarlar artıq “iş başındadırlar” və onlara dialoq sərf etmir. Etirazçılara atəş açılır, ölənlər barədə məlumatlar artır. Bu o deməkdir ki, Prezidentin dialoq təklifi müxtəlif səbəblərdən alınmayacaq. Mühafizəkarlar etirazçılara qarşı radikal addımların atılmasının tərəfdarıdılar və onlar Prezidentə tabe deyillər. Etirazçılar Prezidentin əleyhinə şüarlar səsləndirmirlər, çünki onlar da anlayırlar ki, qarşılarındakı gücün Prezidentə aidiyyatı yoxdur. Buna baxmayaraq, mühafizəkarların etirazçılara atəş açmalarının intensivləşməsi Məsud Pezeşkianı çətin vəziyyətə salacaq. O indiki vəziyyətdən çıxış yolu tapmadığına görə, istefa barədə düşünə bilər".