Modern.az

“Azərbaycan” yazısını gizlətməyə cəhd edən erməni xizəkçi CƏRİMƏLƏNDİ

“Azərbaycan” yazısını gizlətməyə cəhd edən erməni xizəkçi CƏRİMƏLƏNDİ

Dünya

3 Yanvar 2026, 12:04

İtaliyada keçirilən "Tour de Ski" yarışlarında erməni xizəkçi Mikael Mikaelyan qalmaqalla gündəmə gəlib.

Modern.az xəbər verir ki, o, yarış zamanı formasının üzərində yer alan “Azərbaycan” yazısını yapışqan lentlə bağlayıb. Bu hərəkətinə görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

Qeyd edək ki, sözügedən yazı titul sponsorluğu ilə bağlıdır. 2025-ci ilin may ayında FIS ilə Azərbaycanın Dövlət Turizm Agentliyi arasında beşillik əməkdaşlıq müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, Dünya Kubokunun bir sıra mərhələlərində idmançıların geyimlərində “Azərbaycan” adı yerləşdirilir.

Hadisə İtaliyanın Toblah şəhərində baş verib. İsveçin “Expressen” nəşrinin məlumatına görə, Mikaelyan baş verənlərlə bağlı geniş şərh verməkdən imtina edib və oxşar sanksiyaların təkrarlanacağı təqdirdə yarışları boykot edəcəyi ilə hədələyib.

Maraqlıdır ki, idmançının həmin yarışlardakı nəticələri uğurlu olmayıb. Belə ki, o, müvafiq olaraq mükafat yerlərindən uzaq - 72-ci, 87-ci və 118-ci yerləri tutub.

Onu da qeyd edək ki, "Tour de Ski" yarışları çərçivəsində Azərbaycanın reklamı təkcə idmançıların formalarında deyil, eyni zamanda tras boyunca da geniş şəkildə nümayiş etdirilib.

Xatırladaq ki, 2026-cı ilin yazında Azərbaycan mogul üzrə Dünya Kubokunun mərhələsinə ev sahibliyi edəcək. Yarışlar 14-15 mart tarixlərində Şahdağda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ