ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Dan Caine Venesuelada həyata keçirilən hərbi əməliyyatla bağlı yeni detallar açıqlayıb.
Modern.az-ın məlumatına görə, Florida ştatının Palm-Biç şəhərində, Mar-a-Lago klubunda jurnalistlərə bildirib ki, “Operation Absolute Resolve” adlanan əməliyyat aylarla davam edən planlaşdırma və məşqlərin nəticəsi olub.
General Keynin sözlərinə görə, ABŞ qurumları arasında koordinasiya prosesi aylar əvvəl başlayıb və hava, quru, kosmos və dəniz əməliyyatlarının inteqrasiyası üzrə onilliklərə dayanan təcrübəyə əsaslanıb. “Biz izlədik, gözlədik, hazırlaşdıq. Səbirli və peşəkar davrandıq”, – deyə o vurğulayıb.
Açıqlamaya əsasən, əməliyyat zamanı Qərb yarımkürəsi boyunca 150-dən çox hərbi təyyarə eyni vaxtda və sıx koordinasiya şəraitində havaya qalxıb. ABŞ hərbi kontingentinin tərkibində F-22, F-35, F/A-18, EA-18, E-2 tipli qırıcı və dəstək təyyarələri, eləcə də B-1 bombardmançıları və çoxsaylı pilotsuz uçuş aparatları yer alıb.
General bildirib ki, ABŞ qüvvələri Venesuela prezidenti Nikolas Maduronun yerləşdiyi kompleksə Şərq vaxtı ilə saat 01:01-də, Karakas vaxtı ilə isə 02:01-də daxil olub. Onun sözlərinə görə, saxlanılma əməliyyatını icra edən qrup hədəf əraziyə sürət, dəqiqlik və ciddi intizamla hərəkət edərək ərazini tam izolə edib və quru qüvvələrinin təhlükəsizliyini təmin edib.
General Keyn qeyd edib ki, bu tip tapşırıqların gələcəkdə də gündəmə gəlməsi mümkündür. “Həmişə belə missiyaların yenidən bizə tapşırılması ehtimalı var”, – deyə o bildirib.