ABŞ prezidenti Donald Trump Venesuelada hərbi əməliyyatlar fonunda Kolumbiya və Kuba ilə bağlı sərt açıqlamalar verib.
Modern.az-ın məlumatına görə, o bildirib ki, Kolumbiya prezidenti Qustavo Petro ilə bağlı əvvəlki xəbərdarlıqları qüvvədə qalır və Vaşinqton bu mövqedən geri çəkilmir.
Tramp jurnalistlərin suallarını cavablandırarkən Kolumbiyada kokain istehsal edən obyektlərin mövcud olduğunu iddia edib və bu narkotiklərin ABŞ-a göndərildiyini söyləyib. Onun sözlərinə görə, Kolumbiya rəhbərliyi narkotik istehsalına qarşı mübarizəni gücləndirməsə, Amerika Birləşmiş Ştatları tərəfindən sərt addımlar atıla bilər. Tramp daha əvvəl də Kolumbiya hökumətini narkotik istehsalını təşviq etməkdə ittiham etmişdi.
ABŞ prezidenti eyni zamanda Kuba məsələsinin də Vaşinqtonun regionla bağlı daha geniş siyasətinin bir hissəsi kimi gündəmə gələ biləcəyini bildirib. O, Latın Amerikasında artan gərginlik fonunda ABŞ-ın diqqətinin təkcə Venesuela ilə məhdudlaşmaya biləcəyini vurğulayıb.
Kolumbiya prezidenti Qustavo Petro isə ABŞ-ın bu mövqeyini Latın Amerikasının suverenliyinə müdaxilə kimi qiymətləndirib və belə addımların regionda humanitar böhrana yol aça biləcəyini bəyan edib.