Niyə Venesuela?
Venesuela 2026-cı ildə bütün dünyanın gündəmdə olan ölkəsinə çevrildi. Bu gündəm təsadüfi hesab edilə bilməz. Birmənalı şəkildə deyə bilərik ki, bu, ani hadisələrin nəticəsi kimi ortaya çıxmadı. Venesuela uzun illərdir böyük güclərin maraq dairəsində idi. Üstəlik zəngin təbii resurslara sahib, amma zəif siyasi institutlarla idarə olunan klassik “təzyiq ölkəsi” idi. 2026-cı ildə isə bu təzyiqlər açıq şəkildə görünməyə başladı və Venesuela qlobal proseslərin mərkəzinə gətirildi.
Ardınca hansı ölkə gəlir?
Venesuelada hadisələr qeyri-müəyyən olduğu anda İranın adı daha çox hallanmağa başladı. Bu, beynəlxalq siyasətdə təsadüf sayılmır. Tarix göstərir ki, bir böhran səhnədən düşməmiş, digəri üçün zəmin hazırlanır. Qlobal diqqət bir nöqtəyə fokuslananda, paralel olaraq başqa regionlarda səssiz hazırlıq gedir. İran bu mənada növbəti geopolitik simvol kimi görünür. İndi suallar doğulur, İran mövzusu Venesueladan diqqəti yayındırmaq üçündürmü? Beynəlxalq münasibətlərdə bu yanaşma gündəm dəyişmək köhnə olsa da, effektiv üsuldur. Media, diplomatik bəyanatlar və siyasi ritorika ilə ictimai şüur asanlıqla başqa istiqamətə yönləndirilir. Odur ki, İran pərdəsinin açılması ehtimalı güclənir.
Maduroya niyə Səddamın taleyi yaşadılmadı?
Əslində məntiqi sualdır və bu sual bir liderin taleyinə hesablanmayıb, bütöv bir ölkənin taleyi ilə bağlıdır. Səddam Hüseynin aqibəti dünyaya açıq mesaj idi. Sistemdən kənara çıxan liderlər necə cəzalandırılır. Maduro da həmin kölgənin altında siyasət aparmağa məcbur idi. Əslində nə baş verir? Görünən proseslə pərdəarxası reallıq arasında ciddi fərq var. Rəsmi açıqlamalar, diplomatik bəyanatlar və sanksiyalar yalnız görünən tərəfdir. Əsl qərarlar qapalı otaqlarda, ictimaiyyətin xəbəri olmadan verilir. Venesuela bu baxımdan qlobal oyunun açıq laboratoriyasına çevrilib.

Lənətlənmiş zənginlik, resurslar niyə qoruyucu olmadı?
Tarixən bir ölkənin çox resursunun olması lənətlənmiş zənginlik olub. Yəni o resurs o ölkəyə sonadək xeyir gətirməyib. İndi Venesuela eyni taleyi yaşayır. Bu ölkənin zəngin təbii resurslara malik olması onu qorumaq əvəzinə daha da təhlükəli mövqeyə saldı. Neft və digər strateji ehtiyatlar ölkəni gücləndirmədi, əksinə onu hədəfə çevirdi. Tarix həm də onu göstərir ki, zəngin torpaqlar zəif dövlət strukturları ilə birləşəndə fəlakət qaçılmaz olur.
Dünya ov meydanıdır, ovçu hansı ölkədir?
Çağdaş dünyada Amerika əsas ovçu kimi çıxış edir. Obrazlı ifadə etsək, Amerika pələng kimidir, səbrlə gözləyir, vaxtı gələndə ovunu edir. Birbaşa müharibədən çox, sistemli iqtisadi və siyasi təzyiqə üstünlük verir. Nəticədə ov dağıdılmır, idarə olunur. Rusiya, Çin və Avropa isə daha çox qarğa və çaqqalı xatırladır. Onlar birbaşa hücum etmirlər, amma ovun ətrafında dolaşırlar. Diplomatik manevrlərlə pay əldə etməyə çalışırlar. Analitiklərin fikirlərinə diqqət yetirdikdə, belə maraqlı bir məqam ortaya çıxır. Venesuela da, Maduro da əvvəlcədən razılaşdırılmış ov olub. Bəzi ssenarilər elə qurulur ki, uduzan da, qalib də əvvəldən bəlli olur. Maduro ölümü bahasına olsa da, bu oyunda müqavimət göstərən fiqur rolunu oynaya bilərdi. Olmadı, çünki fiqur olmaq hələ oyunu idarə etmək anlamına gəlmir.

Nüvə qorxusu niyə işləmir?
Maraqlı məqamlardan biri də odur ki, bütün bu hadisələrin fonunda Rusiyanın nüvə gücü əvvəlki kimi qorxu yarada bilmir. Çünki müasir müharibələr iqtisadiyyatla və informasiya ilə aparılır. Nüvə silahı çəkindirici faktor olaraq qalır, amma proseslərə həlledici təsir göstərmir. Dünya fərqli müstəviyə keçib. Maduro diktator idi, aparıldı, amma hiss olunur ki, Venesuelanı tam dağıtmayacaqlar. Müasir dövrdə ölkəni yerlə-yeksan etmək artıq səmərəli hesab olunmur. İdarə olunan xaos daha effektlidir. Venesuela yaşamalıdır ki, sistemin bir hissəsi kimi istifadə olunsun. İndi hadisələr planla inkişaf edir. Ani nəticə gözləmək reallıqdan uzaqdır. Çox kədərli mənzərədir, dünya tələsmir və dünya səbrlə parçalanır.

İraq dərsi və Avropanın qorxusu
Yadınızdadır, İraqda kimyəvi silah axtardılar, tapmadılar, amma ölkə məhv edildi. Bu, müasir siyasətin ən ağır və açıq dərslərindən biridir. Səbəblər bəhanə, nəticələr dağıdıcı oldu. Bəşəriyyət ən qədim sivilizasiyalardan birini itirdi. İraq kimi minilliklərin tarixini özündə yaşadan məkan havaya uçuruldu. Bu kimi hadisələr artıq Avropanın soyuqqanlı insanını da narahat edir. Çünki müharibə daha onlardan uzaqda deyil. Enerji böhranı, iqtisadi çətinliklər və təhlükəsizlik hissinin itməsi Avropanı dəyişir. “Mən güclü ölkənin vətəndaşıyam” düşüncəsi çat verir.
Böyük güclərin indiki vəziyyəti
Rusiya problemlər içindədir. Ukrayna bataqlığında iki metr irəliləyişi qələbə kimi təqdim edir. Dünya artıq bu ritorikanı qəbul etmir. Güc nümayiş anlamını itirib, indi güc real nəticə deməkdir. Real nəticə isə Rusiyanın Ukrayna bataqlığında çabalamasıdır. Çin səssiz şəkildə qazanır. Ön planda görünməməyi seçir. Amma arxa planda demək olar ki, hər yerdə mövcuddur. Bu dövrün səssiz qalibi məhz Çindir. Amerika isə hələlik rahat mövqedədir. Müharibə onun ərazisində deyil. Xalq proseslərdən uzaqdır və bu, siyasi qərarları rahatlaşdırır. ABŞ bu üstünlükdən maksimum istifadə edir.

Dünya hara gedir?
Görünən odur ki, dünya bu şəkildə davam edə bilməz. Tarix balansın gec-tez pozulduğunu göstərir. İstənilən sistem bir müddət sonra əvvəlki yükünü daşıya bilmir. Dünya yorulub. Dünya heç vaxt xoşbəxt olmayıb. Sadəcə bəzi dövrlərdə bunu gizlətməyi bacarıb. İndi isə maskalar düşür. Reallıq daha açıq görünür.
Açıq qalan sual
Venesuela 2026-cı ildə bir ölkənin problemi kimi ortaya çıxmadı, müasir dünyanın tale güzgüsünə çevrildi. Bu hadisələr göstərdi ki, müasir dünya ov meydanıdır. Güclülər ov edir, zəiflər bildiyi, bacardığı qədər müqavimət göstərir, ya da ov olduğu ilə razılaşır, digərləri isə növbəni gözləyir. Ən qorxulu sual isə açıq qalır: "Növbə kimindir?"
Modern Analitik Araşdırma və Təhlil Qrupu