ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu həbs etməsi beynəlxalq arenada kəskin və ziddiyyətli reaksiyalar doğurub.
Modern.az xəbər verir ki, hadisə qlobal siyasətdə qızğın müzakirələrə səbəb olsa da, bir çox ölkənin lideri ehtiyatlı açıqlamalar verib.
İsrailin baş naziri Beniyamin Netanyahu ABŞ prezidenti Donald Trampa təbrik ünvanlayaraq əməliyyatı “cəsarətli və tarixi addım” adlandırıb.
Argentinanın prezidenti Xavyer Miley isə bunu “azad dünya üçün əla xəbər” kimi qiymətləndirib və Venesuelada diktatura rejiminin süqut etdiyini bildirib.
Ekvador prezidenti Daniel Noboa da sosial şəbəkədə sərt ifadələrlə Maduro rejiminin çökməsinin qaçılmaz olduğunu yazıb. Ukraynanın xarici işlər naziri Andriy Sıbiha Maduro hakimiyyətini insan haqlarını pozmaqda ittiham edərək Venesuela xalqının demokratik gələcəyini dəstəklədiklərini vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron Venesuelada keçidin dinc və demokratik olmalı olduğunu bildirib və seçkilərdə qalib gəldiyi deyilən Edmundo Qonsales Urrutiyanın tezliklə bu prosesi təmin edəcəyinə ümid etdiyini yazıb. Almaniya kansleri Fridrix Merts əməliyyatın hüquqi qiymətləndirilməsinin mürəkkəb olduğunu qeyd edərək beynəlxalq hüququn əsas götürülməli olduğunu deyib. İspaniyanın baş naziri Pedro Sançes isə açıq şəkildə bildirib ki, Madrid nə Maduro rejimini, nə də beynəlxalq hüququ pozan hərbi müdaxiləni tanıyır.

BMT-nin baş katibi Antonio Quterreşin nümayəndəsi baş verənləri “təhlükəli presedent” adlandırıb və BMT Nizamnaməsinə hörmət çağırışı edib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Venesuela xalqına dəstək versə də, istənilən həll yolunun beynəlxalq hüquqa uyğun olmalı olduğunu vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı Venesuelaya qarşı “silahlı təcavüzdə” ittiham edib və eskalasiyanın qarşısının alınmasına çağırıb. Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun addımını suveren dövlətə qarşı güc tətbiqi kimi qiymətləndirərək qəti şəkildə pisləyib. Braziliya prezidenti Luiz Inasio Lula da Silva bombalanmanı Venesuelanın suverenliyinə ağır zərbə adlandırıb. İran, Meksika, Boliviya, Çili, Nikaraqua və Belarus da oxşar mövqedən çıxış edərək ABŞ-ın hərbi əməliyyatını beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər.
Böyük Britaniyanın baş naziri Keyr Starmer hadisəyə dair faktları dəqiqləşdirmək üçün müttəfiqlərlə məsləhətləşmələrin aparılacağını bildirib və Londunun əməliyyatda iştirak etmədiyini deyib. Kanada, Yaponiya, Norveç, Danimarka, Sinqapur və Malayziya da gərginliyin azaldılmasına, diplomatik danışıqlara və beynəlxalq hüquqa hörmətə çağırış ediblər.
Beləliklə, Maduro hakimiyyətinin süqutu bəziləri üçün “azadlığın qələbəsi”, digərləri üçün isə beynəlxalq nizamı sarsıdan təhlükəli addım kimi qiymətləndirilir.