Modern.az

Uşaqlarda piylənmə - fastfud reklamları qadağan edildi

Uşaqlarda piylənmə - fastfud reklamları qadağan edildi

Dünya

5 Yanvar 2026, 19:45

Böyük Britaniyada uşaq piylənməsinə qarşı mübarizə çərçivəsində fastfud reklamlarına məhdudiyyətlər qüvvəyə minib.

Modern.az xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Nazirliyinin yaydığı press-relizə əsasən, artıq televiziya kanallarında saat 21:00-dək fastfud reklamlarının yayımlanması qadağan olunub, internetdə isə bu tip reklamlar tamamilə yasaqlanıb.

Yeni qaydalara əməl olunmasına Reklam Standartları İdarəsi (ASA) nəzarət edəcək. Məhdudiyyətlər yağ, şəkər və duz tərkibi yüksək olan 13 kateqoriya məhsula şamil edilir. Rəsmi olaraq qadağa bu həftənin əvvəlindən qüvvəyə minməsinə baxmayaraq, reklam sənayesinin böyük hissəsi oktyabr ayından etibarən bu tələblərə könüllü şəkildə əməl edirdi.

Qaydaların təsiri artıq reklam məzmununda hiss olunur. Böyük Britaniyada yayımlanan ilk Milad reklamlarında ənənəvi şirniyyatlar və pudinqlər əvəzinə meyvə və tərəvəzlər nümayiş etdirilir. Eyni zamanda, əvvəllər sağlam hesab edilən bəzi məhsullar da məhdudiyyət siyahısına daxil edilib. Bunlara “istənilən növ sendviçlər”, bretsellər və əsasən səhər yeməyi taxılları bölməsində satılan məhsullar daxildir.

Səlahiyyətli qurumların gözləntilərinə görə, yeni qaydalar uşaqlar arasında illik kalori qəbulunu 7,2 milyard kalori azaltmağa, piylənmədən əziyyət çəkən uşaqların sayını təxminən 20 min nəfər azaltmağa və uzunmüddətli dövrdə səhiyyə sistemi üçün 2 milyard funt sterlinqə yaxın vəsaitə qənaət etməyə imkan verəcək. Nazirlik xatırladıb ki, İngiltərədə ibtidai məktəb yaşlı uşaqların 22,1 faizi artıq çəkili və ya piylənmədən əziyyət çəkir, məktəbi bitirənədək bu göstərici 35,8 faizə yüksəlir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ