Modern.az

Maduronun ilk məhkəməsində nələr oldu: növbəti prosesin vaxtı açıqlandı

Maduronun ilk məhkəməsində nələr oldu: növbəti prosesin vaxtı açıqlandı

Dünya

6 Yanvar 2026, 11:16

Dünən – yanvarın 5-də Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə ilk məhkəmə iclası keçirilib. 3 yanvarda ABŞ Venesuelada hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı Maduro ilə xanımı qaçırılaraq Amerikaya aparılıb.

Dinləmə Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmədə baş tutub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Maduro məhkəmə zalına əli qandalsız, lakin topuqlarında qandallarla gətirilib.

Maduro ispan dilində danışıb və tərcüməçidən istifadə edib.

Məhkəməyə sədrliyi 92 yaşlı hakim Alvin Hellerstein edib. O, əvvəllər ABŞ prezidenti Donald Trampa qarşı çıxardığı qərarla tanınır. Məsələn, o, Trampın pornoaktrisa Stormi Danielsə ödənişləri ilə bağlı işdə hökmü ləğv etmək cəhdlərini rədd etmiş və həmçinin Trampın Venesuela miqrantlarını deportasiya etmək əmrinin konstitusiyaya zidd olduğuna qərar vermişdi.

Maduro və Flores 4 maddə üzrə - narkoterrorizm, ABŞ-a kokain tədarükü, odlu silahlar saxlamaq və sui-qəsddə ittiham olunurlar.

N.Maduro məhkəmədə günahsız olduğunu bəyan edib.
"Mən Venesuela prezidentiyəm, özümü müharibə əsiri hesab edirəm. Məni Karakasdakı evimdən tutublar. Mən günahsızam!”, - deyə o, məhkəmədə bildirib.

Onun həyat yoldaşı Siliya Flores də günahsız olduğunu bəyan edib.

Maduro və həyat yoldaşının hüquqladını vəkillər Barri Pollak və Mark Donnelli müdafiə edirlər.
Maduronun vəkilləri deyiblər ki, o, suveren dövlətin başçısıdır və toxunulmazlıq hüququna malikdir.

CNN-in məlumatına görə, Maduronun vəkilləri onun səhhətində problemlər olduğunu bildiriblər. Vəkillər deyiblər  ki, Siliya Floresin qaçırılma zamanı qabırğaları sınıb və o, ciddi şəkildə zədələnib.

Vəkil Pollak müvəkkillərinin həbsini hərbi adam oğurluğu kimi təsvir edib.

Məhkəmə Maduronun qanuni olaraq tələb olunan Venesuela konsulluq rəsmilərinin ziyarətlərinə icazə verməyə razılaşıb.

Növbəti məhkəmə iclası 17 martda keçiriləcək.

Amerika mediasının məlumatına görə, Maduronun məhkəməsi 2027-ci ildən tez başlamayacaq. 5 yanvarda hakim yalnız sübutların mübadiləsi və ilkin vəsatətlər üçün cədvəli təsdiqləyib.

Nikolas Maduro və həyat yoldaşı Siliya Flores məhkəmə iclasından sonra Bruklindəki istintaq təcridxanasına qaytarılıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır