İranın paytaxtı Tehranda minlərlə insan küçələrə axışıb.
Modern.az xəbər verir ki, şəhərin müxtəlif yerlərində toplaşan böyük insan kütlələrinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlarda gecə saatlarında davam edən kütləvi yürüşlər və şüarlar əks olunur.
Bu fonda ABŞ Prezidenti Donald Tramp İranda etiraz edənlərə müraciət edib. O, iranlı etirazçılara aksiyaları davam etdirməyi və zorakılıqda iştirak edən şəxslərin adlarını yadda saxlamağı tövsiyə edib. Tramp bildirib ki, etirazçılar imkan daxilində dövlət institutları üzərində nəzarəti ələ almalı və onlara qarşı zorakılıq törədənlərin kimliyini sənədləşdirməlidirlər.
ABŞ prezidenti qeyd edib ki, İranda həlak olanların sayı ilə bağlı bir-birindən fərqli rəqəmlər eşidib. Onun sözlərinə görə, rəqəmlər nə olursa-olsun, hətta bir nəfərin ölümü belə qəbuledilməzdir. Tramp əlavə edib ki, yayılan məlumatlar doğrudursa, iranlılara qarşı son dərəcə amansız rəftar edilir.
Çıxışında “İranı yenidən böyük edək” ifadəsini işlədən Tramp bildirib ki, İran bir vaxtlar güclü ölkə olub və hazırkı vəziyyətin yaranmasına “rejimi ələ keçirən qüvvələr” səbəb olub. Onun sözlərinə görə, baş verənlər olduqca həssas mərhələdədir və bu proseslər təkcə İran üçün deyil, daha geniş miqyasda təhlükə yarada bilər.