Yekaterinburqdakı Azərbaycan diasporu ətrafında illərdir davam edən qalmaqallar, həbslər və təyinatlar yeni mərhələyə qədəm qoyur. Yanvarın 10-da Dairə Zabitlər Evində keçirilən seçkilərlə “Azərbaycan-Ural İttifaqı” Milli-Mədəni Cəmiyyətinə 69 yaşlı DİN veteranı, milis polkovniki Kərim Qasımov rəhbər gətirilib.
Bu təyinat sadəcə bir rəhbər dəyişikliyi deyil, Rusiya güc strukturlarının regiondakı Azərbaycan icması üzərində nəzarəti tam bərpa etmək cəhdi kimi qiymətləndirilir. Ölkənin daxili işlər orqanlarında 30 ildən çox xidmət etmiş, Rusiya DİN Akademiyasının məzunu olan bir şəxsin rəhbər seçilməsi, diasporun artıq "ictimai təşkilat"dan çox, bir növ asayişin qorunması bölməsinə çevriləcəyi siqnalını verir.
Kərim Qasımov 485 seçicinin yekdil səsi ilə qalib gəldiyini iddia etsə də, Modern.az-ın əldə etdiyi məlumatlar reallığın fərqli olduğunu göstərir. İcma daxilindəki mənbələr polkovnikin namizədliyinin heç də hamı tərəfindən rəğbətlə qarşılanmadığını bildirir. Hətta səsvermə günü binaya xüsusi təyinatlıların yeridiləcəyi və həbslərin olacağı ilə bağlı yayılan xəbərlər, seçki mühitinin nə dərəcədə gərgin və təzyiq altında keçdiyinin göstəricisidir.
Xatırladaq ki, Uraldakı Azərbaycan diasporunun "liderlik kürsüsü" son illər cinayət işləri ilə gündəmə gəlir:
Diasporumuzun çoxillik lideri Şahin Şıxlinski sui-qəsddə iştirak və polisə zorakılıq ittihamı ilə istintaq təcridxanasına göndərilib.
Ardınca, Rusiya hakim strukturlarının adamı - Vidadi Mustafayev sədr seçdirildi. Özünü lider elan edən bu şəxs də çox keçmədən dələduzluq maddəsi ilə həbs olundu.
Görünən odur ki, Rusiya rəsmi dairələri diaspor daxilindəki bu xaosa son qoymaq üçün ən sınaqdan çıxmış varianta – öz sistemlərindən olan bir kadrın önə çəkilməsinə qərar veriblər.
Kərim Qasımov özü isə bu vəzifədə uzun müddət qalmaq niyyətində olmadığını, sadəcə "bünövrə hazırlayıb" estafeti ötürəcəyini deyir. Lakin bu "bünövrə"nin azərbaycanlıların milli maraqlarına, yoxsa yerli güc strukturlarının idarəetmə metodlarına xidmət edəcəyi böyük sual altındadır.
Masallının Boradigah qəsəbəsindən çıxan və ömrünün böyük hissəsini Rusiya polis sistemində keçirən polkovnikin "birləşdirmə və adaptasiya" vədləri, əslində Uraldakı həmvətənlərimizin daha sərt inzibati nəzarət altına alınması demək ola bilər.