Biləcəri qəsəbəsi Xurşidbanu Natavan küçəsində yerləşən ərazidəki meşə məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Modern.az AzTV-yə istinadən xəbər verir ki, 8 ay öncə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə baxış keçirilib.
Nəticədə ağaclarda xəstəlik səbəbindən çürümə olduğu müəyyən olunub. Müvafiq qurumlara ağacların yenisi ilə əvəzlənməsi barədə xəbərdarlıq edilib. Lakin 8 ay keçməsinə baxmayaraq ərazidə heç bir dəyişiklik yoxdur.
Ekoloq Ənvər Əliyev deyib ki, həm ağaclar yaxşı qidalanmır, həm də zərərvericilər onlara ciddi ziyan vurur. O qeyd edib ki, qurumuş ağaclar təcili şəkildə ərazidən çıxarılmalıdır.
Problemin həlli istiqamətində cavabdeh qurumlardan olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən zənglərə cavab verilməyib.
Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirilib ki, sözügedən ərazidə xəstəlik nəticəsində qurumuş ağaclar son günlərdə müşahidə edilən güclü külək nəticəsində aşıb. Qısa müddətdə Birliyin əməkdaşları tərəfindən ərazidən götürülüb.
