2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən xarici vətəndaşlar üçün icbari həyat və sağlamlıq sığortası tələbi qüvvəyə minib. Belə ki, Gürcüstanın “Turizm haqqında” qanununun 12-ci maddəsində nəzərdə tutulan bu dəyişiklik ölkəyə gələn turistlərin girişdən çıxışadək bütün müddət ərzində etibarlı tibbi və bədbəxt hadisələrdən sığorta polisinə malik olmasını tələb edir.
Yeni qaydalar xüsusilə Gürcüstana tez-tez səfər edən Azərbaycan vətəndaşları üçün diqqət çəkir. Bu kontekstdə əsas maraq doğuran digər məqam isə icbari sığortanın Gürcüstana səfər etmək istəyən azərbaycanlı turistlərin, habelə qısamüddətli səfərlər məqsədilə onların qərarlarına necə təsir göstərməsidir.
Maraqlıdır, yeni tələb hazırda Azərbaycandan Gürcüstana turist axınına necə təsir edib? Gürcüstana səfərlə bağlı ümumi tələbatda dəyişikliklər müşahidə edilirmi?
Modern.az-a açıqlamasında bu və digər suallara aydınlıq gətirən turizm eksperti Rəhman Quliyev bildirib ki, hazırda Azərbaycandan Gürcüstana kifayət qədər intensiv turist axını müşahidə edilir.
“Quru sərhədlər bağlı olduğu üçün səfərlər əsasən hava nəqliyyatı vasitəsilə həyata keçirilir. Gün ərzində təxminən 3-4 aviareys icra olunur ki, bu reyslər vasitəsilə ümumilikdə 500-ə yaxın sərnişin gediş-gəlişini həyata keçirilir. Bu kateqoriyaya təkcə turistlər deyil, həmçinin iş adamları, qohumlarını ziyarət edən şəxslər və tələbələr də daxildir”.
Ekspert vurğulayıb ki, yeni qaydalara əsasən, Gürcüstana daxil olan hər bir Azərbaycan vətəndaş üçün nəzərdə tutulan səyahət sığortasının dəyəri yüksək deyil:
“Məsələn, bir həftəlik səyahət üçün tələb olunan sığortanın qiyməti təxminən 7-10 manat arasında dəyişir. Hesab edirəm ki, bu məbləğ səyahət planlarının ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olmayacaq.
Əksinə, səyahət sığortası olduqca vacib və faydalı bir mexanizmdir. Xarici ölkədə hər hansı fövqəladə hadisə, qəza və ya sağlamlıqla bağlı problem yarandıqda, cəmi 7-10 manatlıq sığorta qarşılığında 10-15 min manatadək tibbi xidmətlərdən pulsuz şəkildə yararlanmaq mümkündür”.
R.Quliyev əlavə edib ki, səyahət sığortasının həm müsbət, həm də qoruyucu tərəfləri var. Mütəxəssisin fikrincə, hətta sığorta məcburi olmasa belə, Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənara səfər edərkən mütləq şəkildə səyahət sığortası əldə etməlidirlər.
Qeyd edək ki, qanuna əsasən sığorta təminatının minimum məbləği 30 min lari təşkil edir. Bu o deməkdir ki, turist sığortalandığı halda Gürcüstanda 30 min lariyə qədər tibbi xidmətlərdən, o cümlədən müalicə, təcili yardım və digər zəruri tibbi xərclərdən istifadə edə biləcək.
Sığorta həm Gürcüstanın, də xarici ölkələrin sığorta şirkətləri tərəfindən təqdim edilə bilər. Sığorta sənədi elektron və ya kağız formada olmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.
Bundan əlavə, tibbi sığorta qiymətləri sığorta paketinin həcminə görə dəyişir. Məlumata əsasən, aylıq tibbi sığorta haqları təxminən 10 ABŞ dollarından başlayaraq 50 ABŞ dollarına qədər dəyişir.
Səyahət sığortası beynəlxalq səviyyədə etibarlı hesab olunur və səfər zamanı qəfil xəstəlik halları, dərman ehtiyacı, təcili travmatoloji və ya cərrahi müdaxilə ilə bağlı xərcləri əhatə edir.