Suriyanın şimal-şərqində yerləşən Deyr-əz-Zor və Rakka vilayətləri tam şəkildə rəsmi Dəməşqin nəzarətinə keçir.
Modern.az xəbər verir ki, bu barədə Suriya ordusu ilə kürd koalisiyası - Suriya Demokratik Qüvvələri (SDF) arasında əldə olunmuş atəşkəs razılaşmasında qeyd olunur. Saziş ölkə prezidenti Əhməd əş-Şaraa tərəfindən imzalanıb.
Razılaşmanın mətninə əsasən, SDF-nin Fərat çayının şərqində yerləşən ərazilərdən bütün hərbi birləşmələri çıxarılacaq. Bu addım qüvvələrin sonrakı mərhələdə yenidən dislokasiyası üçün ilkin mərhələ kimi qiymətləndirilir.
Sənəddə həmçinin Deyr-əz-Zor və Rakka vilayətlərində inzibati və hərbi nəzarətin dərhal və tam şəkildə Suriya hökumətinə verilməsi nəzərdə tutulur.
Sazişə görə, Deyr-əz-Zor vilayətində yerləşən və bazar günü hökumət qüvvələrinin nəzarətinə keçən neft və qaz yataqları da bundan sonra rəsmi Dəməşqin idarəsində olacaq. Bu obyektlər uzun müddət ölkənin enerji resursları baxımından strateji əhəmiyyət daşıyırdı.
Suriya Müdafiə Nazirliyi şimal-şərq bölgələrində bütün döyüş əməliyyatlarının dayandırıldığını açıqlayıb. Dövlətə məxsus SANA agentliyinin yaydığı bəyanatda bildirilib ki, bütün cəbhələrdə atəşkəs rejimi qüvvəyə minib və münaqişə zonalarında hərbi fəaliyyət tam dayandırılıb. Rəsmi açıqlamaya görə, bu qərar təhlükəsiz humanitar dəhlizlərin açılmasına, sakinlərin öz yaşayış yerlərinə qayıtmasına və dövlət qurumlarının fəaliyyətinin bərpasına hazırlıq məqsədi daşıyır.
***
20:30
Suriyanın lideri Əhməd əş-Şaraa ölkənin şimal-şərqində atəşkəs elan edib.
Modern.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Əş-Şaraa Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına imkan yaratmağa çağırıb.
O, həmçinin SDF rəhbəri Mazlum Abdi ilə bu günə planlaşdırılan görüşün “əlverişsiz hava şəraiti” səbəbindən sabaha təxirə salındığını bildirib.
Əş-Şaraa vurğulayıb ki, Suriya dövləti vahiddir və SDF ilə bağlı bütün həllini tapmamış məsələlər nizamlanacaq.