Modern.az

Xamzat Çimayev ortaya çıxdı - Kadırovla FOTOSU

Xamzat Çimayev ortaya çıxdı - Kadırovla FOTOSU

Dünya

18 Yanvar 2026, 21:12

UFC döyüşçüsü Xamzat Çimayev sosial şəbəkələrdə Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovla birlikdə çəkilmiş ağ-qara fotosunu paylaşıb.

Modern.az xəbər verir ki, idmançı görüntünü instaqramda “story” bölməsində yayımlayıb. 

Fotoda Adam Kadırovun yanında olan Xamzat Çimayev şəkli çeçen dilində “Kyonax” sözü ilə müşayiət edib. Bu ifadə “ləyaqətli insan” kimi tərcümə olunur. Şəklin aşağı hissəsində isə çeçen dilində “İmanımız olduğu müddətdə bizə heç nə olmaz” mənasına gələn cümlə yer alıb.

Paylaşım Qroznıda baş verdiyi iddia olunan yol-nəqliyyat hadisəsi ilə bağlı yayılan şayiələrdən sonra edilib. Yanvarın 16-sı axşam saatlarında internetdə Xamzat Çimayevin guya qəza nəticəsində həlak olması barədə məlumatlar yayılıb. Eyni zamanda, həmin qəzada Adam Kadırovun da xəsarət alması ilə bağlı iddialar ortaya atılıb.

Bu xəbərlərdən sonra Ramzan Kadırov oğlu Adamın da iştirak etdiyi işgüzar görüşdən video paylaşıb. Videoda Adam Kadırov “Atom elektrik stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərə görə” medalı ilə təltif olunub. Lakin Çeçenistan rəhbəri həmin görüşün və mükafatlandırmanın dəqiq tarixini açıqlamayıb.

Yanvarın 17-si səhər saatlarında “Lenta.ru” nəşri Flightradar24 məlumatlarına istinadən Qroznıya FHN-ə məxsus An-148-100EM tipli təyyarənin endiyini, daha sonra isə Moskvanın Vnukovo hava limanına uçduğunu yazıb. Bununla belə, nə Rusiya FHN-i, nə də Çeçenistan hakimiyyəti reysin konkret hansısa şəxslə əlaqəli olduğunu rəsmi şəkildə təsdiqləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır