Dünyanın aparıcı sərt spirtli içki istehsalçıları son illərin ən zəif tələbi ilə üzləşib.
Modern.az xəbər verir ki, "Financial Times-" qəzetinin yazdığına görə, iri istehsalçıların anbarlarında toplanmış hazır məhsul ehtiyatlarının ümumi dəyəri 22 milyard dollara çatıb ki, bu da təxminən son on ilin ən yüksək göstəricisi hesab olunur.
Tələbin azalmasının əsas səbəbləri arasında sağlam həyat tərzinin populyarlaşması, inflyasiyanın alıcılıq qabiliyyətinə təsiri və istehlak vərdişlərində baş verən daha dərin sosial dəyişikliklər göstərilir.
Məlumata görə, problem "Diageo", "Pernod Ricard", "Campari", "Brown-Forman" və "Rémy Cointreau" kimi nəhənglərin anbarlarında daha qabarıq hiss olunur. Məsələn, Fransanın konyak istehsalçısı olan "Rémy"nin hazırda anbarlarında 1,8 milyard avro dəyərində məhsul var. Bu məbləğ şirkətin illik gəlirindən təxminən iki dəfə çoxdur.
Satılmayan ehtiyatların artması istehsalın müvəqqəti dayandırılmasına da səbəb olub. Yaponiyanın "Suntory" qrupu ABŞ-ın Kentukki ştatında "Jim Beam "burbonunun istehsal olunduğu əsas zavodu ən azı bir il müddətinə bağlayıb. Eyni zamanda "Diageo" Texas və Tennessi ştatlarındakı viski istehsalı müəssisələrində fəaliyyətini yay aylarınadək dayandırıb.
Şirkətlər qiymətləri aşağı salmaq məcburiyyətində də qalıb. Pandemiya dövründə ABŞ-da Hennessy konyakının bir şüşəsi 45 dollara qədər satıldığı halda, hazırda qiymət 35 dollara enib. Analitiklər bildirir ki, COVID-19 pandemiyası zamanı istehlakın kəskin artmasına cavab olaraq istehsal genişləndirildi, lakin 2021–2022-ci illərdə bazarın bu templə davam etməyəcəyi aydın oldu və nəzarət itirildi.
Tanınmış ekspert Trevor Stirlinq hesab edir ki, sonrakı illərdə tələbin zəifləməsi qaçılmaz idi. İnflyasiya və gəlirlərin azalması ilə yanaşı, sərt spirtli içkilərə münasibətin dəyişməsi, sağlam həyat tərzinin təşviqi və arıqlama məqsədilə istifadə olunan dərmanların geniş yayılması da bu tendensiyanı gücləndirir. Nəticədə “alkoqol artıq dəbdə deyil” yanaşması qlobal bazarda getdikcə daha aydın görünür.