Avropa Komissiyasının sədri Ursula von der Leyen sabah ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə “qətiyyətli cavab” veriləcəyini vəd edib.
Modern.az xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı von der Leyen Trampın Danimarka ərazisi olan Qrenlandiya ilə bağlı mövqeyi ABŞ-Avropa İttifaqı münasibətlərini “aşağıya doğru təhlükəli spiral”a sürükləyə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ prezidentinin Qrenlandiya ətrafında yaranan münaqişə fonunda səkkiz Avropa ölkəsinə qarşı rüsumlar tətbiq edəcəyi ilə hədələməsindən sonra Avropa mümkün cavab tədbirlərini nəzərdən keçirir. Vaşinqton isə bildirib ki, hər hansı qarşı tədbir “ağılsız addım” olar.
“Əlavə tariflərin tətbiqi təklifləri, xüsusilə də uzunmüddətli müttəfiqlər arasında münasibətlər baxımından səhvdir. Əgər biz aşağıya doğru spiral üzrə hərəkət etsək, bu yalnız hər ikimizin strateji məkandan uzaq tutmağa çalışdığı rəqiblərə xidmət edər. Buna görə də cavabımız qətiyyətli, vahid və mütənasib olacaq”, - deyə Leyen deyib.
Xatırladaq ki, ABŞ prezidenti Qrenlandiya üzərində Vaşinqtonun nəzarətinin vacibliyini dəfələrlə dilə gətirib. Onun sözlərinə görə, əgər bunu ABŞ etməsə, ada üzərində nəzarəti Çin və ya Rusiya ələ keçirə bilər. Avropa isə Trampın Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxır.