Modern.az

Cəmi bir ildir hakimiyyətdədir - dünya tarixini yenidən YAZIR

Cəmi bir ildir hakimiyyətdədir - dünya tarixini yenidən YAZIR

Dünya

20 Yanvar 2026, 23:40

ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıdışının üzərindən bir il ötür.

Tramp bu müddət ərzində icraedici hakimiyyətin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirib və ABŞ-ın həm daxili siyasi həyatında, həm də beynəlxalq münasibətlərində ciddi dəyişikliklərə səbəb olub.

O, ikinci prezidentlik müddətinin ilk ilində “şok və təzyiq” xarakterli qərarlarla çıxış edib. Son həftələrdə onun göstərişi ilə Minnesota ştatında qeyri-qanuni miqrasiyaya qarşı daha sərt federal əməliyyatlar aparılıb. Bu əməliyyatlar zamanı federal agent tərəfindən silahsız qadın sürücünün güllələnərək öldürülməsi ölkədə ciddi rezonans doğurub.

Eyni zamanda Tramp Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi məqsədilə hərbi əməliyyat təşkil edib. Maduro hazırda Amerikadadır və uzun illərə həbsə qalacağı gözlənilir.

Hakimiyyətinin ilk ilində Tramp Qrenlandiyanın ABŞ nəzarətinə götürülməsi ideyasını yenidən gündəmə gətirib, İranı bombalamaqla hədələyib. 12 günlük müharibə zamanı İrana birbaşa zərbələrin endirilməsi də Trampın əmri ilə baş tutub.

O, Federal Ehtiyat Sisteminin sədri Ceremi Pouel barəsində mümkün cinayət araşdırmasının iqtisadi nəticələrinə məhəl qoymadığını bildirib. Tramp "Reuters"ə verdiyi müsahibədə bu araşdırmanın iqtisadi təsirləri ilə bağlı sualı “Mənə fərqi yoxdur” sözləri ilə cavablandırıb.

O, daha əvvəl "The New York Times"a müsahibəsində isə xaricdə hərbi zərbələr endirmək səlahiyyəti ilə bağlı yeganə məhdudiyyətin “öz vicdanı” olduğunu deyib. Analitiklərin fikrincə, bu yanaşma prezidentin qərarlarını institusional nəzarətdən daha çox şəxsi mülahizələr üzərində qurduğunu göstərir.

Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, Trampın əsas instinkti diplomatiyadır, lakin o, bütün variantları açıq saxlayır. Onun sözlərinə görə, Venesuelaya hərbi müdaxilə və ötən il İranın üç nüvə obyektinə zərbə endirilməsi danışıqların nəticəsiz qalmasından sonra həyata keçirilib. Tramp 2025-ci il yanvarın 20-də ikinci müddətinə başlayarkən iqtisadiyyatı, federal bürokratiyanı, miqrasiya siyasətini və ABŞ-ın mədəni həyatını köklü şəkildə dəyişəcəyini vəd etmişdi. O, bu gündəliyin böyük hissəsini həyata keçirərək müasir ABŞ tarixinin ən güclü prezidentlərindən birinə çevrilib.

Bununla yanaşı, Trampın reytinqi aşağı olaraq qalır. Sorğulara əsasən, onun fəaliyyətini amerikalıların 41 faizi bəyənir, 58 faizi isə narazıdır. Əsas narazılıq mövzularından biri yüksək qiymətlər və davamlı inflyasiyadır. Tramp iqtisadiyyatın “tarixin ən güclüsü” olduğunu desə də, rəsmi göstəricilər yaşayış xərclərinin yüksək olaraq qaldığını göstərir. O, eyni zamanda bahalaşma problemini Demokratların “uydurması” adlandırmaqla tənqidlərin artmasına səbəb olub.

Tramp özü də noyabrda keçiriləcək Konqres seçkilərinin Respublikaçılar üçün çətin ola biləcəyini etiraf edib. O bildirib ki, aralıq seçkilərdə adətən prezidentin partiyası zəifləyir və Respublikaçıların Konqresə nəzarəti itirməsi riski var. Prezident Respublikaçı konqresmenlərə müraciət edərək xəbərdarlıq edib ki, əgər Demokratlar Nümayəndələr Palatasında çoxluq əldə etsələr, ona üçüncü dəfə impiçment elan edilə bilər.

O, bir il ərzində federal dövlət qulluqçularının sayını azaldıb, bəzi dövlət qurumlarını ləğv edib, xarici humanitar yardımları kəsib, genişmiqyaslı miqrasiya reydləri və deportasiyalar həyata keçirib, Demokratların idarə etdiyi şəhərlərə Milli Qvardiya göndərib. O, həmçinin bir çox ölkələrdən idxala tariflər tətbiq edərək ticarət müharibələrini genişləndirib, iri vergi və xərclərin azaldılması paketini qəbul etdirib, universitetlərə, hüquq firmalarına və mediaya təzyiqləri artırıb.

Prezident tarixçisi Timoti Naftali bildirib ki, Tramp ikinci müddətində səlahiyyətlərini ABŞ-da Franklin Roosevelt dövründən bəri ən az məhdudiyyətlə istifadə edən liderlərdən biridir. Analitiklərin fikrincə, Trampın seçiciləri yüksək yaşayış xərcləri ilə bağlı inandıra bilməməsi Respublikaçı siyasətçilərin bir hissəsini seçkilər ərəfəsində ondan məsafə saxlamağa sövq edə bilər.

Elnur Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır