ABŞ prezidenti Donald Trampla Suriya prezidenti Əhməd əl-Şara arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, Türkiyənin "Yeni Şafak" qəzetinin məlumatına görə, söhbət zamanı iki lider Suriyadakı mövcud vəziyyəti və nizamlanma perspektivlərini müzakirə ediblər. Suriyada birliyin qorunmasına yönəlmiş səyləri davamlı olaraq dəstəkləmək və terrorizmlə mübarizəni dayandırmamaq barədə razılığa gəlinib.
Suriyanın ərazi bütövlüyünün və müstəqil dövlətçiliyinin qorunmasının vacibliyi vurğulanıb. Eyni zamanda, Tramp və əl-Şara ölkədə sabitliyə və təhlükəsizliyə töhfə verəcək bütün təşəbbüslərin dəstəklənməli olduğunu qeyd ediblər.
İki prezident üçün xüsusi mövzu kürd əhalisi ilə bağlı məsələlərin müzakirəsi olub. Qeyd edilib ki, Suriya dövlətinin birliyi və bütövlüyü şəraitində kürdlərin hüquqlarına hörmət edilməlidir.