Almaniya hökuməti rusiyalı diplomatı casusluq ittihamı ilə “persona non grata” elan edib.
Modern.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi bu gün Rusiyanın Berlindəki səfirinin nazirliyə çağırıldığını və ona diplomatik nümayəndəliyin bir əməkdaşının ölkəni tərk etməli olması barədə məlumat verildiyini açıqlayıb. “Almaniyada casusluq, xüsusilə də diplomatik status pərdəsi altında casusluq Almaniya hökuməti tərəfindən qətiyyən qəbul edilmir”, - deyə nazirliyin açıqlamasında bildirilib.
Qeyd edək ki, Federal Kriminal Polis İdarəsi (BKA) tərəfindən Berlində saxlanılan və Rusiya casusu olduğu ehtimal edilən İlona V. adlı qadınla bağlı hadisə Almaniya siyasətində kəskin narazılığa səbəb olub.
“Spiegel” jurnalı “persona non grata” elan olunan şəxsin Rusiyanın Almaniyadakı səfirliyində hərbi attaşenin müavini olduğu və İlona V.-nin kuratoru kimi fəaliyyət göstərdiyini yazsa da, rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyiblər.
İlona V. Almaniyada pilotsuz uçuş aparatlarının sınaqları və tədarükü, eləcə də müdafiə sənayesi obyektlərinin yerləşdiyi ərazilər barədə məlumatlar toplayaraq Rusiyaya ötürməkdə ittiham olunur.