Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın paytaxtı Nuukda keçirilən mətbuat konfransında hökumətinin ABŞ ilə danışıqlara hazır olduğunu bildirib. Bununla yanaşı, o vurğulayıb ki, Qrenlandiyanın suverenliyi “qırmızı xətt”dir.
Modern.az xəbər verir ki, Hökumət başçısı hazırda müzakirə olunan Qrenlandiya ilə bağlı saziş barədə ətraflı məlumata malik olmadığını da qeyd edib.
Çərşənbə günü Davosda NATO-nun baş katibi Mark Rütte ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib. Görüşün yekunlarına görə, Ağ Evin rəhbəri Qrenlandiyanın gələcək statusu ilə bağlı saziş üzrə danışıqlar üçün çərçivə əsasının hazırlandığını, detalların isə daha sonra təqdim ediləcəyini bildirib.