Modern.az

ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı

ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı

Dünya

23 Yanvar 2026, 21:42

ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyata hazırlığı maksimum mərhələyə çatıb.

Modern.az xəbər verir ki, hərbi-analitik dairələrin qiymətləndirməsinə görə, Vaşinqton zərbə ssenarisini icraya hazır vəziyyətə gətirib və yaxın saatlar həlledici ola bilər.

Məlumata görə, ABŞ tərəfi İranın İsfahan bölgəsi üzərində hava məkanının bağlanması ilə bağlı pilotları məlumatlandırmağa hazırlaşır.

Eyni zamanda radioelektron mübarizə vasitələrinin tətbiqi nəzərdə tutulur ki, bu da İranın hava hücumundan müdafiə sistemlərinin koordinasiyasını çətinləşdirməyə yönəlib.

Ekspertlərin bildirdiyinə görə, bu gecə İsfahan üzərindən keçəcək istənilən hava gəmisi faktiki olaraq rabitəsiz, “kor” rejimdə uçmalı olacaq.

ABŞ-ın “dəniz yumruğu” adlandırılan hərbi-dəniz qüvvələrinin Oman körfəzinə giriş zonasına çatması gəmilərin artıq raket buraxılışı məsafəsinə daxil olduğunu göstərir. Bu vəziyyət İranın cənub-şərqində yerləşən Buşehr, Bəndər-Abbas və Kirman kimi əraziləri əlavə manevrə ehtiyac olmadan dənizdən buraxılan “Tomahawk” qanadlı raketlərinin hədəfinə çevirir. Analitiklər qeyd edirlər ki, aviadaşıyıcıdan qalxan təyyarələr hələ də yanacaq dolduran hava tankerlərinə ehtiyac duysalar da, sahilyanı hədəflər və qabaqcıl müdafiə xətləri artıq birbaşa zərbə zonasındadır.

Ekspertlərin sözlərinə görə, İsrail öz hazırlıqlarını tamamlayıb və ABŞ üçün nəzərdə tutulan 24 saatlıq qərar pəncərəsi sürətlə bağlanır.

Bundan əvvəl, yerli vaxtla saat 19:41-də Amerika mediası CENTCOM-un komanda təyyarəsinin İordaniyaya endiyini xəbər verib. Bildirilir ki, İrana qarşı müharibə baş verəcəyi təqdirdə, İordaniya ABŞ üçün əsas əməliyyat bazalarından birinə çevrilə bilər.

Mümkün hərbi eskalasiya fonunda İran da sərt bəyanatla çıxış edib. Rəsmi Tehranın açıqlamasında bildirilir ki, ABŞ və İsraili İrana qarşı hərəkətlərində dəstəkləyən istənilən ölkə İran üçün legitim hədəf sayılacaq.

Hazırda bölgədə “Tomahawk” qanadlı raketləri ilə təchiz olunmuş səkkiz ABŞ hərbi gəmisi yerləşdirilib. Bundan əlavə, Yaxın Şərqə "Abraham Lincoln" aviadaşıyıcısının rəhbərliyi altında aviadaşıyıcı zərbə qrupu göndərilib. Aviadaşıyıcını üç esmines müşayiət edir və onun göyərtəsində altı aviasiya eskadrilyası yerləşdirilib.

Ekspertlər bildirirlər ki, Yaxın Şərqdə və ona bitişik akvatoriyalarda bu qədər genişmiqyaslı ABŞ hərbi-dəniz qruplaşmasının mövcudluğu təkcə zərbə potensialının deyil, eyni zamanda uzunmüddətli əməliyyatlar üçün tam operativ infrastrukturun - komanda-idarəetmə sistemlərinin, yanacaq ehtiyatlarının və kəşfiyyat təminatının — formalaşdırıldığını göstərir. “Dəniz yumruğu”nu regiondakı ABŞ aviabazalarında yerləşdirilmiş 10–11 aviasiya eskadrilyası, o cümlədən hücum təyyarələri də havadan qoruyacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır