İranın ali dini lideri Əli Xamenei ABŞ tərəfindən mümkün hərbi hücumla bağlı risklərin artması fonunda Tehranda yerləşən xüsusi yeraltı sığınacağa keçib.
Modern.az xəbər verir ki, bu barədə "Iran International" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi ilə əlaqədar olaraq Xameneinin ofisinin gündəlik fəaliyyəti qismən yenidən təşkil olunub.
Nəşrin iddiasına görə, ali liderin oğlu Məsud Xamenei hazırda ali liderin kargüzarlığının cari idarəçiliyini üzərinə götürüb və icraedici hakimiyyət orqanları ilə əsas əlaqələndirici şəxs kimi çıxış edir.
Qeyd olunur ki, bu addımlar hərbi və təhlükəsizlik strukturlarının ABŞ tərəfindən İrana qarşı mümkün hücum risklərinin artdığına dair qiymətləndirmələrindən sonra atılıb. Tehran daxilində və strateji obyektlər ətrafında təhlükəsizlik rejiminin gücləndirildiyi, rabitə və idarəetmə mexanizmlərinin fövqəladə ssenarilərə uyğunlaşdırıldığı bildirilir.
Bu məlumatlar son günlər beynəlxalq mediada yayılan digər xəbərlərlə də üst-üstə düşür. Belə ki, bəzi İsrail və Qərb mənbələri ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu kəskin şəkildə artırdığını, region ölkələrinin isə mümkün əməliyyatlar barədə qabaqcadan məlumatlandırıldığını iddia edir. Məlumatlara əsasən, ABŞ, İsrail və Böyük Britaniyanın hərbi hava və dəniz qüvvələrinin aktiv şəkildə koordinasiya olunduğu, havada yanacaq doldurma imkanları və dənizdə zərbə potensialının yüksək səviyyəyə çatdırıldığı bildirilir.
Analitiklər hesab edir ki, Xameneinin yeraltı sığınacağa keçməsi təkcə şəxsi təhlükəsizlik tədbiri deyil, eyni zamanda İran rəhbərliyinin mümkün hərbi eskalasiya ssenarilərini real risk kimi dəyərləndirdiyini göstərən siyasi siqnaldır. Rəsmi Tehran və Vaşinqton tərəfindən hələlik hücumun başlanması ilə bağlı açıq təsdiq verilməsə də, regionda hərbi-siyasi gərginlik son illərin ən yüksək həddinə yaxınlaşmış kimi qiymətləndirilir.