Rusiya nümayəndə heyəti Əbu-Dabidə keçirilən danışıqlarda ərazi məsələləri üzrə ABŞ-ın mövqeyi ilə razılaşmağa məcbur olub və ilkin tələblərindən geri çəkilib.
Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti adını açıqlamayan rusiyalı diplomatın sözlərinə istinadən yazır.
Nəşrin məlumatına görə, üçtərəfli məsləhətləşmələrin ilk günü yekunlaşdıqdan sonra Rusiya tərəfi əvvəlcə ərazi güzəştləri ilə bağlı müəyyən öhdəliklər əldə etməyə ümid edib. Lakin nəticədə ABŞ nümayəndələrinin mövqeyi qəbul olunub.
“Biz əvvəlcə ərazi güzəştlərinə dair hansısa öhdəlik almağa ümid edirdik, amma sonda amerikalılarla razılaşmalı olduq”, - mənbə bildirib.
Yanvarın 24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların ikinci raundu başa çatıb. TASS-ın mənbələri görüşdə “bufer zonalar” və “müxtəlif nəzarət mexanizmləri”nin müzakirə olunduğunu bildiriblər. Ukrayna mətbuatı isə tərəflərin atəşkəsə dair məsələlərdə müəyyən irəliləyiş əldə etdiyini, lakin ərazilər üzrə kompromisə gələ bilmədiyini yazır.
Ukrayna Prezidenti Vladimir Zelenski danışıqları “konstruktiv” adlandıraraq tərəflərin bir çox mövzunu müzakirə etdiyini deyib. Onun sözlərinə görə, üçüncü raundun gələn həftə keçirilməsi mümkündür.