Modern.az

“Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi

“Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi

Dünya

27 Yanvar 2026, 23:11

“Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkilib. Bununla da bəşəriyyəti simvolik “nüvə gecəyarısı”ndan cəmi 85 saniyə ayırır. Bu göstərici indiyədək qeydə alınmış ən təhlükəli səviyyədir.

Modern.az xəbər verir ki, bu barədə Çikaqo Universitetinin "Bulletin of the Atomic Scientists" jurnalının baş direktoru Aleksandra Bell açıqlama verib.

Hazırda “Qiyamət Saatı” 23:58:35-i göstərir. Bundan əvvəl göstərici 23:58:31 idi. Bellin sözlərinə görə, bəşəriyyət hamını təhdid edən ekzistensial risklərin azaldılması istiqamətində yetərli irəliləyiş əldə edə bilməyib.

“Qiyamət Saatı” layihəsi 1947-ci ildən fəaliyyət göstərir və hər il saatın irəli çəkilməsi və ya yerində saxlanılması ilə bağlı qərar jurnalın direktorlar şurası tərəfindən alim və ekspertlərin iştirakı ilə qəbul olunur. Saat ilk dəfə 23:53 səviyyəsində qurulmuşdu. Gecəyarısından ən uzaq məsafə isə 1991-ci ildə — Soyuq müharibənin bitməsindən sonra — 23:43 göstəricisi ilə qeydə alınıb.

“Bulletin of the Atomic Scientists” beynəlxalq təhlükəsizlik və kütləvi qırğın silahları ilə bağlı riskləri işıqlandırır. Nəşr 1945-ci ildə Nobel mükafatçısı Albert Eynşteyn və Çikaqo Universitetinin Manhetten layihəsində iştirak etmiş alimləri tərəfindən yaradılıb. “Qiyamət Saatı”nda gecəyarısı qlobal fəlakəti, ona doğru gerisayım isə mövcud təhlükə səviyyəsini simvolizə edir. Saatın vaxtı hər il jurnalın elm və təhlükəsizlik şurasının üzvləri və Nobel mükafatçıları daxil olan sponsorlar şurası ilə məsləhətləşmələr əsasında müəyyənləşdirilir.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır