Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada sülh danışıqları aparmaq üçün təkrar göndərilən dəvətə hələlik heç bir reaksiyası olmayıb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə Zelenski arasında mümkün görüşün təşkili məsələsində hazırda gündəmdə olan variant Moskvadır.
Peskov bu açıqlamanı Putinin Zelenski ilə Birləşmiş Ərəb Əmirliklərində görüşə hazır olub-olmaması ilə bağlı suala cavab verərkən səsləndirib. O qeyd edib ki, görüşün təşkili ilə bağlı ehtimal xarakterli mülahizələr yersizdir.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Rusiya Zelenskini Moskvaya dəvət edir və əgər o, Putinlə görüşə hazırdırsa, bu təklif qüvvədədir.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının onlayn iclasında çıxışı zamanı bildirib ki, Zelenski Putinlə görüşməyə və ən vacib məsələləri müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, bu müzakirələrə ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasının taleyi də daxildir.
Nazir əlavə edib ki, hazırda Ukrayna və ABŞ növbəti üçtərəfli görüşə hazırlıq aparır və bu görüşün yaxın vaxtlarda baş tutması planlaşdırılır.