Suriya hökuməti cümə günü kürd qruplaşmalarınə birləşdirən Suriya Demokratik Qüvvələri (SDQ) ilə hərtərəfli razılaşmaya nail olunduğunu elan edib.
Modern.az xəbər verir ki, SANA agentliyinin yaydığı məlumata əsasən, razılaşma atəşkəsin elan olunmasını, eləcə də SDQ-nin mərhələli şəkildə hərbi və inzibati strukturlara inteqrasiyasını nəzərdə tutur.
Hökumətə yaxın mənbə Suriya dövlət televiziyasına bildirib ki, sazişə əsasən, kürd silahlılıları təmas xəttindən geri çəkiləcək, Suriya Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri isə Həsəkə və Qamışlı şəhərlərinin mərkəzlərinə yerləşdiriləcək.
Mənbənin sözlərinə görə, razılaşma həmçinin SDQ tərkibində üç briqadadan ibarət hərbi birləşmənin, eləcə də Kobani (Ayn əl-Ərəb) qüvvələrindən formalaşdırılan briqadanın Hələb vilayəti ilə əlaqəli hərbi struktur çərçivəsində fəaliyyətini nəzərdə tutur. Bildirilib ki, SDQ-nin hərbi və təhlükəsizlik qüvvələrinin inteqrasiyası briqadalar daxilində fərdi əsasda həyata keçiriləcək.
Eyni zamanda dövlət ölkə ərazisindəki bütün mülki və hökumət qurumları, eləcə də sərhəd-keçid məntəqələri və giriş nöqtələri üzərində tam nəzarəti öz üzərinə götürəcək və ölkənin heç bir hissəsinin mərkəzi hakimiyyətdən kənarda qalmamasına təminat verəcək.
Razılaşma çərçivəsində muxtar inzibati strukturların dövlət institutlarına inteqrasiyası, mülki qulluqçuların isə öz vəzifələrində saxlanılması nəzərdə tutulur. Saziş eyni zamanda kürd icmasının vətəndaş hüquqlarının və təhsil hüquqlarının təmin edilməsini, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına şərait yaradılmasını ehtiva edir.
Mənbə vurğulayıb ki, bu razılaşmanın əsas məqsədi “Suriya ərazisinin birliyini təmin etmək, qanunun aliliyini möhkəmləndirmək və müvafiq tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkənin bərpası istiqamətində əlaqələndirilmiş səylər vasitəsilə regionda tam inteqrasiyaya nail olmaqdır”.
Qeyd edək ki, yanvarın 20-də Suriya Müdafiə Nazirliyi SDQ ilə əldə olunan razılaşma əsasında dörd günlük atəşkəs elan etmiş, bu atəşkəs yanvarın 24-də daha 15 gün müddətinə uzadılmışdı.
Yanvarın 18-də isə Suriya Prezidenti Əhməd əş-Şəraa SDQ-nin dövlət institutlarına tam inteqrasiyasını nəzərdə tutan atəşkəs sazişini imzalamışdı. Bundan əvvəl, yanvarın 16-da Prezident əş-Şəraa sərəncam imzalayaraq suriyalı kürdlərin “Suriya xalqının ayrılmaz hissəsi” olduğunu və onların “mədəni və dil kimliyinin Suriyanın vahid milli kimliyinin tərkib hissəsi” sayıldığını bəyan etmişdi.