Rusiya prezidenti Vladimir Putin dünən gecə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Putin general Alekseyevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin həbs olunmasında göstərdiyi köməyə görə BƏƏ prezidentinə təşəkkür edib.
Xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanları Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavini general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsi həbs edib.
General-leytenant Vladimir Alekseyev fevralın 6-da Moskvada güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, Vladimir Alekseyevə sui-qəsd edən şəxs 2025-ci ilin avqust ayında Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülüb. Şübhəli Ternopoldan olan 66 yaşlı Lyubomir Korbadır.
FTX iddia edir ki, o, Moskvada yüksək rütbəli hərbi məmurlar üzərində müşahidə aparıb və sonra Alekseyevi öldürmək əmri alıb. FTX-nın məlumatına görə, Lyubomir Korba sui-qəsd üçün 30.000 dollar vəd edilib.
Generala qarşı sui-qəsd cəhdi 6 fevral səhəri Moskvanın Volokolamskoye şossesindəki yaşayış binasında baş verib. Hücumçu lift foyesində atəş açıb. Vladimir Alekseyev güllə yaraları alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha sonra əməliyyat olunub. "Kommersant"ın məlumatına görə, o, 7 fevral səhəri özünə gəlib.
Generala qarşı sui-qəsd cəhdi ilə bağlı iki nəfər saxlanılıb. Lyubomir Korba Dubaydan Moskvaya ekstradisiya edilib. Onun əlbir olduğu Rusiya vətəndaşı Viktor Vasin Moskvada saxlanılıb. FTX-nın məlumatına görə, digər şübhəli şəxs Zinaida Serebritskaya Ukraynaya qaçıb.
A.Qorxmaz