Modern.az

Rusiya müharibədə 1,3 milyon hərbçi itirib

Rusiya müharibədə 1,3 milyon hərbçi itirib

Dünya

11 Fevral 2026, 21:15

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri təxminən 1,3 milyon hərbçi itirib. Onlardan 350 minə yaxını həlak olub.

Modern.az xəbər verir ki, bu rəqəmlər fevralın 11-də Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilən brifinqdə açıqlanıb.

Rəsmisinin iddiasına görə, təkcə 2025-ci ildə Rusiya ordusu 400 minə yaxın ölü və yaralı verib.

NATO nümayəndəsi rus itkiləri arasında həlak olanların payının qeyri-adi dərəcədə yüksək olduğunu bildirib. Onun sözlərinə görə, bu, döyüş əməliyyatlarında pilotsuz uçuş aparatlarının geniş tətbiqi, cəbhədə tibbi təminatın zəifliyi və böyük canlı qüvvə itkisi tələb edən taktikalardan istifadə ilə bağlıdır.

Rəsmi Ukrayna ordusunun itkilərinə dair konkret rəqəm açıqlamayıb. Lakin ümumilikdə münaqişədə ölən və yaralananların sayının 2,2 milyondan çox olduğunu deyib.

Hazırda cəbhə xəttində Rusiyanın təxminən 700 min, Ukraynanın isə 400 min hərbçisi olduğu qeyd edilib. NATO nümayəndəsi bildirib ki, 7-nin 4-ə nisbəti genişmiqyaslı hücum üçün ənənəvi hesab olunan 3-ün 1-ə nisbətindən uzaqdır.

Eyni zamanda vurğulanıb ki, Ukrayna şəxsi heyətin səfərbər olunması və saxlanması baxımından çətinliklər yaşayır. Rusiya isə hələ də cəbhəyə göndərə biləcəyi daha geniş insan resurslarına malikdir.

Digər yüksək vəzifəli NATO rəsmisi bildirib ki, Rusiya ordusuna Baxmutdan Pokrovska qədər 50 kilometrdən az məsafəni qət etmək üçün 20 aydan çox vaxt lazım olub. Bu, gündə 100 metrdən də az irəliləyiş deməkdir və həmin müddətdə Rusiya 300 min ölü və yaralı verib.

Alyans yaxın bir il yarım ərzində Donetsk vilayətində cəbhə xəttinin çökməsini gözləmir. Bununla belə, rəsmilər daha uzaq perspektiv üçün proqnoz verməyin çətin olduğunu bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi