Modern.az

Türkiyədə gözlənilməz kadr dəyişikliyi - MHP nazirdən narazı idi

Türkiyədə gözlənilməz kadr dəyişikliyi - MHP nazirdən narazı idi

Dünya

11 Fevral 2026, 21:33

Türkiyə Böyük Millət Məclisinin bugünkü iclasında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış sərəncam oxunub. Sərəncama əsasən, İstanbulun baş prokuroru Akın Gürlək ədliyyə naziri, Ərzurum valisi Mustafa Çiftçi isə daxili işlər naziri təyin olunub.

Modern.az-ın məlumatına görə, parlament sədrinin müavini Bekir Bozdağ yeni hökumət üzvlərini and içmək üçün tribunaya dəvət edib. Lakin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) deputatları Akın Gürləkin təyinatının Türkiyə Konstitusiyasına zidd olduğunu bildiriblər. Onların iddiasına görə, Gürlək hələ də İstanbulun baş prokuroru vəzifəsini icra edir.

Akın Gürlək and içmək üçün tribunaya yaxınlaşarkən CHP deputatları tribunaya çıxışın qarşısını almağa cəhd göstəriblər. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) deputatları buna mane olub. Nəticədə parlament üzvləri arasında qarşıdurma və itələşmə baş verib. Daha sonra hakim partiyanın deputatları tribunaya zəncirvari düzülərək andiçmə prosesinin davam etməsini təmin ediblər.

Xatırladaq ki, fevralın 10-da imzalanmış prezident sərəncamına əsasən, Yılmaz Tunçun yerinə Akın Gürlək ədliyyə naziri, Əli Yerlikayanın yerinə isə Mustafa Çiftçi daxili işlər naziri təyin edilib. Sərəncamda Tunç və Yerlikayanın öz istəkləri ilə istefa verdiyi bildirilsə də, kabinetdə dəyişikliklər siyasi kursda mümkün yenilənmələrlə bağlı müzakirələri gücləndirib.

CHP bəyan edib ki, hər iki yeni nazir “sərt xətt” tərəfdarı kimi tanınır və prezidentin qərarına etiraz edib. Xüsusilə Akın Gürlək 2024-cü ilin oktyabrında İstanbul prokuroru təyin olunduqdan sonra CHP-nin nəzarətində olan bələdiyyələrə, o cümlədən İstanbul meri Ekrem İmamoğluya qarşı korrupsiya araşdırmalarına başlamışdı. O, həmçinin çirkli pulların yuyulması, maliyyə cinayətləri, narkotik və fahişəlik şəbəkələri ilə bağlı əməliyyatlarla gündəmə gəlmişdi. Daha əvvəl onun Ərdoğanla görüşdüyü və ədliyyə naziri postuna təyinatının zaman məsələsi olduğu bildirilirdi.

Siyasi dairələrdə daxili işlər naziri vəzifəsinə mümkün namizədlər arasında İstanbul valisi Davud Gülün adı çəkilsə də, nəticədə Ərzurum valisi Mustafa Çiftçi təyin olunub. "Haqqin.az" saytında dərc edilən xəbərdə bildirilir ki, əvvəlki daxili işlər naziri Əli Yerlikayanın fəaliyyəti Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbərliyini tam qane etmirdi. Xüsusilə nazirlik daxilində aparılan kadr dəyişiklikləri narazılıq doğurmuşdu. Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, Yerlikaya strukturlarda MHP-yə yaxın hesab olunan bəzi bürokratları vəzifədən uzaqlaşdırıb və ya onların təsir imkanlarını məhdudlaşdırıb. Bu isə koalisiya daxilində gərginlik yaradıb.

MHP-nin bir hissəsinin keçmiş daxili işlər naziri Süleyman Soylunun yenidən bu posta qayıtmasını istədiyi barədə də iddialar səslənirdi. Soylu MHP elektoratı və milliyyətçi çevrələr arasında sərt təhlükəsizlik siyasəti ilə tanınır və partiya bazasında müəyyən simpatiyaya malikdir. Lakin siyasi reallıqlar və Prezidentin qərarı nəticəsində bu ssenari baş tutmayıb.

Nəticədə Ərzurum valisi Mustafa Çiftçinin namizədliyi üzərində dayanılıb. Məlumatlara görə, MHP Çiftçinin təyinatına açıq etiraz etməyib və onu qəbulolunan kompromis fiqur kimi dəyərləndirib. Mustafa Çiftçi Ankara Universitetinin siyasi elmlər fakültəsinin məzunudur və konservativ mövqeyi ilə tanınır. O, Türkiyə Respublikasının ilk illərində mübahisəli İstiqlal Məhkəmələrinin qərarı ilə edam edilmiş İskilipli Atıf Hocanın anım mərasimində iştirakı səbəbilə kemalist dairələrin tənqidinə məruz qalmışdı.

Sizə yeni x var
Keçid et
İran Bakını müharibə ilə hədələdi