Oman hakimiyyəti dolayı danışıqların birinci mərhələsindən sonra ABŞ-dan İran tərəfinə bir neçə mesaj çatdırıb.
Modern.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.
"Biz amerikalılara heç bir məktub göndərməmişik, amma Omandakı dostlarımız bizə ABŞ-dan bəzi mesajlar çatdırıblar və biz bunları Tehranda müzakirə edəcəyik", - Laricani Oman və Qətərə səfər etdikdən sonra dövlət televiziyasında bildirib.
O, əvvəllər ABŞ ilə danışıqların davam etdiyini, lakin hələlik konkret təkliflər verilmədiyini bildirmişdi.
Laricaninin sözlərinə görə, Omandakı son görüş sadəcə mesaj mübadiləsi idi və ABŞ-ın danışıqlarda iştirakı "rasional yola" doğru irəliləyişin göstəricisidir.
Laricani vurğulayıb ki, İslam Respublikasının danışıqlar ideyası ilə bağlı mövqeyi müsbətdir. O, dialoqun davam etdiyini və regiondakı bəzi ölkələrin nəticə üçün səy göstərdiyini qeyd edib.
Laricani həmçinin ölkənin enerji ehtiyaclarına görə uranın zənginləşdirilməsinin tamamilə dayandırılması ilə bağlı heç bir müzakirənin aparılmadığını da açıqlayıb. Vaşinqtonla danışıqlar yalnız nüvə məsələsi ilə məhdudlaşır və digər məsələlərə toxunulmur.
Xatırladaq ki, fevralın 6-da Omanın paytaxtı Məskət şəhərində İran-ABŞ danışıqlarının ilk raundu keçirlib. İran tərəfdən danışıqlara xarici işlər naziri Abbas Arakçi, ABŞ tərəfdən Prezidentin xüsusi elçisi Stiv Uitkof rəhbərlik edib.