Publisist və tarixçi Roy Medvedev 13 fevral 2026-cı il tarixində 101 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.
Ailə üzvləri mərhumla vida mərasimindən sonra onun meyitinin kremasiya olunacağını bildiriblər.
Roy Medvedev 2018-ci ildə vəfat edən bioloq və yazıçı Jores Medvedevin əkiz qardaşıdır. Roy Medvedev 1925-ci ildə Tbilisidə anadan olub. 1951-ci ildə Leninqrad Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. Pedaqoji elmlər namizədidir.
1958-ci ildən 1961-ci ilə qədər "Uçpedgiz" təhsil və pedaqoji dövlət nəşriyyatının redaktoru və baş redaktor müavini vəzifələrində çalışıb. 1970-ci illərin əvvəllərində publisistin ilk kitabları ABŞ və Böyük Britaniyada nəşr olunub.
1960-cı illərin əvvəllərindən ictimai fəaliyyətlə məşğul olub, "Siyasi Gündəlik" jurnalını nəşr etdirib. R.Medvedev Sovet cəmiyyətinin tarixi və Stalinizm haqqında 50-dən çox kitabın, eləcə də Vladimir Putin, Nikita Xruşşov, Leonid Brejnev, Yuri Andropov və başqaları da daxil olmaqla siyasi xadimlərin tərcümeyi-hallarının müəllifidir.