İran ABŞ-lə aparılan danışıqlarda enerji, mədən və hətta təyyarə alışı ilə bağlı mümkün razılaşmaların müzakirə olunduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə rəsmisi Həmid Qənbəri bildirib.
Onun sözlərinə görə, əldə olunacaq saziş hər iki tərəf üçün sürətli və konkret iqtisadi fayda gətirməlidir. Rəsmi qeyd edib ki, neft-qaz yataqları, birgə enerji layihələri, mədən investisiyaları və mülki aviasiya sahəsində əməkdaşlıq variantları danışıqlar masasındadır.
Tərəflər arasında növbəti görüşün çərşənbə axşamı Cenevrə şəhərində keçirilməsi planlaşdırılır. Danışıqlar iki ölkə arasında nüvə proqramı ilə bağlı uzunmüddətli mübahisənin həllinə və mümkün hərbi eskalasiyanın qarşısının alınmasına yönəlib. Vasitəçi qismində Oman çıxış edir.
İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi BBC-yə açıqlamasında bildirib ki, Tehran sanksiyaların ləğvi müqabilində nüvə proqramı ilə bağlı müəyyən kompromislərə hazırdır. O, yüksək səviyyədə zənginləşdirilmiş uranın seyreldilməsi variantının müzakirə oluna biləcəyini desə də, sıfır zənginləşdirmə tələbinin qəbul edilməyəcəyini vurğulayıb.
ABŞ dövlət katibi Marco Rubio isə bildirib ki, Prezident Donald Trump diplomatik həll yoluna üstünlük verir, lakin nəticə əldə olunmasa alternativ ssenarilər də nəzərdən keçirilir.
Xatırladaq ki, 2015-ci ildə imzalanmış nüvə sazişindən Vaşinqton 2018-ci ildə birtərəfli qaydada çıxmış və Tehrana qarşı sərt iqtisadi sanksiyalar bərpa edilmişdi.